Home Manşet Politoloq: Azərbaycanın praqmatik siyasəti Avrasiyanın enerji xəritəsinin zənginləşməsini şərtləndirir

Politoloq: Azərbaycanın praqmatik siyasəti Avrasiyanın enerji xəritəsinin zənginləşməsini şərtləndirir

307
0
SHARE

“Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə müstəsna töhfələr verir. Azərbaycanın moderatorluğu, təşəbbüsü və liderliyi ilə reallaşdırılan enerji layihələri, eyni zamanda, qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə təkan verən mühüm amildir. Bu kontekstdə Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, respublikamız Cənub Qaz Dəhlizinin yaradılmasında həlledici rol oynayıb. Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin dörd seqmentində də iştirak edib”.

Bu fikirləri politoloq Nurlan Qələndərli deyib.

Politoloq vurğulayıb: “Ümumiyyətlə, bəzi xalqlar və dövlətlərin tarixi təcrübəsi – nümunəsi fonunda yeraltı sərvətlər, xüsusilə də enerji resursları təbiətin bədbəxtlik gətirən bəxşişi – “Troya atı” kimi səciyyələndirilir. Bu, daha çox neft və qaz ehtiyatlarından milli məqsədlərə – strateji maraqlara uyğun istifadə edilə bilinməməsi ilə əlaqədardır. Bu kontekstdə biz tərəqqiyə xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini – Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük. Başqa sözlə, dünya bu sindromu yaşamış ölkələrin nümunəsində iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik edib”.

Nurlan Qələndərli vurğulayıb ki, təbii sərvətlərdən – enerji resursları və karbohidrogen ehtiyatlarından milli maraqlara uyğun istifadə edilərək inkişaf və yüksəlişi təmin etməyin Azərbaycan nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb”.

“Bunlarla yanaşı, regional güc mərkəzi olan Azərbaycanın təşəbbüsü və liderliyi ilə transmilli enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini, XX əsrdə geostrateji cazibə mərkəzlərindən biri olan Cənubi Qafqazın Avrasiyanın “heartland”ına çevrilməsini şərtləndirib. Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik enerji strategiyasının həyata keçirilməsi nəticəsində enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə – diversifikasiya edilmiş təchizata üstünlük verən Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan aktora çevrilib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirib, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin edib. Digər tərəfdən, müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirməkdədir. Onu da xüsusi olaraq qeyd etmək lazımdır  ki, Azərbaycanın enerji təhlükəsizliyi siyasəti regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli işbirliyinin səmərəli nəticələridir. Beləliklə, enerji resurslarından – karbohidrogen ehtiyatlarından səmərəli istifadə olunması Azərbaycanın ikitərəfli, çoxşaxəli münasibətlərinin inkişaf etdirilməsinə, milli mənafeyin – strateji maraqların təmin olunmasına xidmət edən mühüm vasitə kimi əhəmiyyətli nəticələr verib”,-deyə politoloq əlavə edib.