Home Manşet Sədaqət Vəliyeva: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edəcək, ölkələrə sabitlik,...

Sədaqət Vəliyeva: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edəcək, ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək

281
0
SHARE

“Cənub Qaz Dəhlizi Avropanı Xəzər dənizi ilə bağlayan, Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünyamiqyaslı infrastruktur layihəsidir. İlkin mərhələdə 7 dövləti birləşdirən bu layihədə bu gün 18 dövlət, 19 beynəlxalq şirkət və 5 qlobal maliyyə təsisatları iştirak edir. Maliyyə tutumu 33 milyard dollar olan Cənub Qaz Dəhlizi bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlini həyata keçirəcək, bölgəyə və ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək. Bu layihədən isə daha çox qazanan Azərbaycan dövləti və xalqı olacaq. Çünki üçüncü tərəflərin gələcəkdə Cənub Qaz Dəhlizinə daxil olması Azərbaycanın gəlirlərinin daha da artmasına, ölkəmiz üçün əlavə dəyərin yaradılmasına imkan verəcək”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub: “Təsadüfi deyil ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Məhz, bu il Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə isə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP vasitəsilə Azərbaycanın İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qazı çatdırılacaq. Artıq “Şahdəniz” yatağından da 137 milyard kubmetrlik qaz hasil edilib ki, bu, əslində, Cənub Qaz Dəhlizinin əsas mənbəyidir”.

“Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir”- deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan qazı Avropada Yunanıstan, Bolqarıstan və İtaliya bazarlarına nəql olunsa da, gələcəkdə qitənin bir çox istiqamətlərinə də təbii qazın nəqli mümkün ola bilər:  “Məsələn, TAP boru kəməri İtaliyanın cənubuna qədər uzanır. Orada da İtaliyanın iri qaz şirkətinin şəbəkəsinə qoşulur. Bu şirkət İtaliyada ən geniş paylama şəbəkəsinə malik şirkətlərdən biridir. Bu istiqamətdə gələcəkdə İtaliya üzərindən bir çox ölkələrə, əsasən də Qərbi Avropa ölkələrinə təbii qazın nəqli reallaşdırıla bilər. Bu ölkələr Fransa və  İsveçrə də ola bilər. Digər tərəfdən Bolqarıstandan əlavə olaraq Rumıniya və Macarıstan bazarlarına təbii qazın daşınması mümkün ola bilər. Yəni, bu, öz növbəsində  Cənub Qaz Dəhlizinin gələcəkdə də nə dərəcədə perspektivli və strateji bir layihə olduğunu göstərir”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan və Qazaxıstan kimi ölkələrin təbii qazının nəqlini də həyata keçirə bilər: “Digər tərəfdən, Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qaz, əsasən də İsrailin təbii qazı gələcəkdə bu boru kəməri ilə daşına bilər. Eyni zamanda, Yaxın Şərq ölkələrini də Avropa bazarlarına çıxara biləcək əlverişli marşrut Cənub Qaz Dəhlizidir. Bu da öz növbəsində bu ölkələr üçün hazır infrasrukturdur və əlverişli perspektiv yaradır”.