“Cənub Qaz Dəhlizi” Avropa İttifaqına qaz idxalı üçün dördüncü marşrut olub.
Bunu Trend-ə “Wood Mackenzie” şirkətinin baş analitiki Robert Morris deyib.
Onun sözlərinə görə, bu layihə tədarükü şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa imkan verəcək.
R.Morris bildirib ki, dəhlizin son seqmenti olan Trans-Adriatik qaz kəməri (TAP) İtaliyanın qaz idxalı imkanlarını çoxaldır:
“2021-ci ilin yayında bütün diqqətlər TAP-ın bazar sınaqlarının icbari mərhələsinə yönələcək”.
Analitik əlavə edib ki, TAP-ın buraxılış gücünün ildə 20 milyard kubmetrədək genişləndirilməsi Avropaya tədarükün təhlükəsizliyin artırılmasında daha da vacib rol oynayacaq:
“Avropada “Yaşıl saziş”in olmasına və bazarda hazırkı qeyri-müəyyənliyə baxmayaraq, biz TAP-ın genişləndirilməsi perspektivlərini müsbət qiymətləndiririk”.