Home Manşet Pandemiya ilə mübarizə aparmaq üçün yeganə yol vaksinasiya olmaqdır

Pandemiya ilə mübarizə aparmaq üçün yeganə yol vaksinasiya olmaqdır

634
0
SHARE

Hazırda bütün dünya  ölkələri pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsindədir.  Sevindirici haldır ki, pandemiyanın başlamasından sonra keçən müddət ərzində mütəxəssislər görünməmiş nailiyyət əldə edərək, ən qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib. Artıq iki aydan çoxdur ki, yeni növ koronavirusa qarşı əksər ölkələrdə sürətli peyvəndləmə işi aparılır.

Ölkəmizdə isə koronavirusa yoluxma və ölüm hallarının azalması davam edir. Həyatımız müəyyən qədər qaydasına düşür. Vəziyyət bu cür davam edərsə, yumşaldılmaların da davamedici olacağı şübhəsizdir. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkəmizdə COVID-19-a hələ də hər gün yoluxanlar və bu virus səbəbindən dünyasını dəyişənlər var. Digər tərəfdən koronavirusun yenidən aktivləşməyəcəyini söyləmək də mümkünsüzdür. Ümumilikdə isə koronavirus pandemiyası ölkəmizdə bir ildən çoxdur müşahidə edilir. Bu təhlükəli virusa qarşı mübarizə tədbirlərinə ilk günlərdən başlanılıb. Pandemiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır. Ölkəmizdə dövlət tərəfindən vaxtında həyata keçirilən tədbirlər nəticəsində infeksiyanın xeyli dərəcədə azaldılmasına nail olunub və yoluxma sayı azalıb

Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Artıq 4 milyon doz vaksin sifariş verilib və onların ölkəmizə gətirilməsi təmin edilib. Azərbaycan vətəndaşları artıq peyvənd olunurlar. Bütün məsələlərdə olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunması əsas vəzifələrdən hesab edilir. Bütün bunlar dövlət başçısı İlham Əliyevin yorulmaz əməyinin və xalqına sevgisinin təzahürüdür. Artıq bir neçə həftədir ki, ölkəmizdə əhalinin ayrı-ayrı kateqoriyalara və yaş qruplarına aid hissələri vaksinasiya prosesinə cəlb edilib. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. İlk növbədə ictimaiyyətlə daha çox təmasda olan səhiyyə işçiləri, sosial xidmət sahələrində çalışan, yaş etibarilə risk qrupuna daxil  olan vətəndaşlarımızın peyvəndlənmədə iştirakı intensiv xarakter daşımaqdadır. Bu, əlbəttə, koronavirusun daha geniş ərazi və əhali arasında yayılmasının qarşısının alınmasında mühüm amillərdən biridir. Bunun nəticəsi olaraq artıq ötən dövr ərzində Azərbaycan dövlətinin və xalqının koronavirus pandemiyasına qarşı birgə mübarizəsi müsbət nəticəsini göstərməkdədir.

Təmsil etdiyim 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə də istər Goranboy, istərsə də Naftalan şəhərində vaksinasiyaya start verilib. Naftalan şəhərində yanvar ayının 21-dən vaksinasiya prosesinə başlanılıb. Tibb müəssisələrində xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatına uyğun zəruri şərait yaradılıb. Bu günə kimi Naftalan şəhər sakinləri arasında 148 nəfər, Goranboy rayonunda isə 415 nəfərdən çox COVİD-19 infeksiyasına qarşı peyvənd olunub.Vaksinasiyaya gələnlər öncə həkim müayinəsindən keçir, qeydiyyatı aparıldıqdan sonra isə vaksinasiya otaqlarına göndərilir. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində nəzarət altında saxlanılır və səhhətində hər hansı bir problem olmadıqda evə buraxılır.

Azərbaycanda virusa qarşı vaksinasiya prosesi davam edir. Vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını alır. Lakin ehtiyat tədbirləri heç bir halda unudulmamalıdır. Yəni peyvənd vurdurub-vurdurmamasından asılı olmayaraq hər bir vətəndaş maska taxmalı, gigiyenik qaydalara ciddi əməl etməli və sosial məsafəni qorumalıdır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı