Home Manşet Hərbi xuntanın revanş cəhdi Ermənistanda vəziyyəti daha da gərginləşdirib

Hərbi xuntanın revanş cəhdi Ermənistanda vəziyyəti daha da gərginləşdirib

265
0
SHARE

Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir. 44 günlük müharibə göstərdi ki, ölkənin idarəetmə proseslərinin kökündə sistem və struktur problemləri durur. Paşinyanın Ermənistana rəhbərlik etdiyi müddətdə onsuz da tənəzzül içərisində çapalayan işğalçı ölkədə vəziyyət getdikcə ağırlaşdı. İstefaya getmək istəməyən Paşinyana qarşı terror çağırışları az qala adiləşib. Baş nazir isə özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa üstünlük verir. Yerli əhaliyə də məlumdur ki, gələcəkdə xalqı yaxşı heç nə gözləmir və əhalinin hakimiyyətə qarşı narazılığı gündən-günə artır. Bununla da narazılıqlar dalğasının rezonans doğurduğu artıq sirr deyil.

Aylardır ki, müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti daha da genişlənib. Elə bu xüsusda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd göstərir. Odur ki, Yerevanda hakimiyyətin istefası tələbi ilə keçirilən mitinqlər sanki gündəlik normaya çevrilib. Belə bir vəziyyətdə isə Ermənistanın keçmiş hakimiyyətinin nümayəndələri, Paşinyanın və onun ko­mandasının, yeni hakimiyyətin vəzifədən uzaqlaşdırdıqlarının narazılıqları ictimai fikirdə xüsusi çəkiyə malikdir. Vəziyyəti gərginləşdirən başqa bir səbəb isə Paşinyana qarşı olan qüvvələrin bir qisminin sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryan ətrafında birləşməsi, sonuncuların isə yenidən hakimiyyətə iddialı olmalarıdır. Ölkədə baş verən son proseslər Nikol Paşinyan və müxalifət arasında münasibətlərin daha kəskin xarakter almaqda olduğunu göstərir.  Belə görünür ki, qarşıdakı günlər ərzində ölkədə ictimai-siyasi gərginlik daha da artacaq.

Artıq ölkədəki 10 “Sorosçu” qurum – “Məlumatlı Vətəndaşlar Birliyi”, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Gümrü “Asparez” Jurnalistlər Klubu, “Transparency İnternational” Antikorrupsiya Mərkəzi və digərləri seçki məsələsinin gündəmə qaytarılmasını tələb edən bəyannamə qəbul ediblər. Bu təşkilatlar indiki hökumətin cəmiyyətin etimadını itirdiyini, buna görə müharibədən sonra ortaya çıxan təhdid və çətinliklərin öhdəsindən gəlməyin qeyri-mümkün olduğunu qeyd edirlər. Bu arada 44 günlük müharibə Ermənistan ordusunun kifayət qədər aciz olduğunu əyani surətdə nümayiş etdirdi. Məğlubiyyətdən sonra erməni ictimaiyyətinə agah oldu ki, ölkə rəhbərliyi düzgün məlumatlar verməyib və xalqı aldatmaqla məşğul olub. Ermənistan ordusunda əvvəllər də müşahidə olunan qanun pozuntuları müharibədən sonra daha geniş miqyas almağa başlayıb. Erməni ordusunun itkisi həm döyüş, həm də qeyri-döyüş şəraitində kütləvi şəkildə artıb. Bütün bunlar ilk növbədə, Ermənistanda əsgər valideynlərinin hakimiyyətə qarşı daha sərt mövqedən çıxış etməsinə səbəb olub. Bütün baş verənlərin fonunda görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən daha da mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyur.

Ermənistan bu gün həm cəbhədə, həm dip­lomatiya, həm də informasiya sahəsində məğlubdur. İşğalçı ölkənin rəhbərləri kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdə özlərini gülünc vəziyyətə salır, ermənilər haqqında məzlum, əzilən daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmağa cəhd edirlər. Buna isə artıq inanan yoxdur. Çünki Nikol Paşinyan həm beynəlxalq, həm də digər tədbirlərdə ziddiyyətli fikirlər səsləndirir, dediklərini bir saat sonra danır, sərsəm bəyanatlar verir. Ona görə də artıq həm yerli, həm də beynəlxalq ictmaiyyət onu qeyri- ciddi adam kimi qəbul edir. Paşinyan və onun komandası tarixi fakt­ları nə qədər saxtalaşdırsalar da, onların cəfəngiyyatlarına heç kim inanmır.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan iqtidarı  problemlərin həllində çıxılmaz vəziyyətə düşüb, müxalifət isə aksiyalarını davam etdirir. Bu vəziyyət bütövlükdə ölkədə idarəçiliyi iflic vəziyyətinə salıb.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı