Home Manşet “Azərbaycan-Türkmənistan əlaqələri möhkəmlənir”

“Azərbaycan-Türkmənistan əlaqələri möhkəmlənir”

319
0
SHARE

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında anlaşma memorandum hər iki ölkənin milli mənafelərinə uyğundur və Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın müddəalarına, beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərinə əsaslanmışdır. Bu sözləri tan-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ölkəmizin rəhbəri Cənab İlham Əliyev Azərbaycan Türkmənistan dostluğuna və memorandumun imzalanmasına böyük önəm vermişdir.

“Əlbəttə ki, bu memorandum Azərbaycan və Türkmənistan münasibətlərinin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, digər sahələrdə də əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Siyasi, iqtisadi əhəmiyyətə malik olmaqla bu sənəd, həm də iki ölkə arasında qarşılıqlı anlaşmanın bərqərar edilməsi, gələcək mühüm layihələrin həyata keçirilməsi üçün bir zəmanətdir. Türkmənistanla Azərbaycan arasında yaranan sağlam münasibətlərin bir nümunəsi olan bu memorandum onu deməyə əsas verir ki, ölkələrimizin əlaqələri bundan sonra yeni müstəvidə inkişaf etdiriləcək və hər iki dövlətin iqtisadi imkanlarını daha da genişləndirəcəkdir.

Məlum olduğu kimi “Dostluq” yatağı azərbaycanlı geoloq və neftçiləri tərəfindən hələ sovet dövründə kəşf edilmişdir. Onun işlənilməsinə dair prinsiplərin tam hazır olmaması və Türkmənistanla razılığa gəlinməməsi işləri gecikdirilmişdir. Artıq bütün problemlər aradan qaldırılmış və “Dostluq” yatağı hər iki ölkənin dostluğunun rəmzi kimi işləniləcək və enerji əməkdaşlığı üçün faydalı olmaqla münasibətlərdə əsaslı dönüş yaradacaqdır”, deyə Tahir Rzayev bildirib.