Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı...

Sədaqət Vəliyeva: Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı soyqırımının da qisasını alıb

669
0
SHARE

“Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən ermənilər 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Xocalı soyqırımına ilk qiyməti ümummilli liderimiz Heydər Əliyev verib: “Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham edib. Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı ölkəmizdə “Xocalı Soyqırımı Günü” elan olunub”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılıb: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif beynəlxalq tədbirlər, sərgilər keçirib. Eyni zamanda, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı həqiqətlərinin tanıdılması istiqamətində aparılan işlərin nəticəsidir ki, bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir. Təsadüfi deyildir ki, bu gün dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb”.

“Fevralın 26-sı təkcə Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir” – deyən Sədaqət  Vəliyeva əlavə edib ki, bu dəhşətli soyqırımının növbəti ildönümü ilk dəfədir fərqli şəkildə anılır: “Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub. Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk. Çünki Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı soyqırımının da qisasını alıb. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb. Prezident İlham Əliyev hələ doqquz il əvvəl demişdi ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Əlbəttə ki, zaman yetişdi və Şanlı Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı. Prezidentimizin qətiyyəti, iradəsi, baş verən hadisələr onu göstərir ki, Xocalı soyqırımını törədən sarkisyanların, koçaryanların, balayanların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri gün çox da uzaqda deyil”.