Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünyada nümunədir

Sədaqət Vəliyeva: Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünyada nümunədir

681
0
SHARE

“Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub. Tarixin bütün mərhələlərində Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıblar. Bu gün də Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır və xalqların birgəyaşayışı üzrə nümunə təqdim edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir. Hətta, Azərbaycanda fərqli dildə danışan insanların belə hər cür hüquq və imtiyazları mövcuddur və onların təhsilə çıxışları da təmin edilir. Təsəvvür edin ki, bu gün Azərbaycanda onlarla rusdilli məktəblər var. Bütün bunlar Azərbaycanın sülh, əməkdaşlıq, tolerant və multikultural ölkə olmasının sübutlarıdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, hazırda Azərbaycanda minlərlə erməni yaşayır və ermənilərin incidilməsi haqqında bircə fakt belə yoxdur: “Hər kəs yaxşı bilir ki, ermənilər Cənubi Qafqaza, Azərbaycanın ərazilərinə köçürülsələr də, uzun illər xalqımızla birgə yaşayıblar. Keçmiş SSRİ dönəmində isə bu birgəyaşayış daha da dərinləşmişdi. Lakin çox təəssüflər olsun ki, ermənilərin içərisindən olan təxribatçılar, şovinistlər, neonasistlər xalqlar arasında nifaq saldılar, Sumqayıt hadisəsini törətdilər, Qarabağı işğal etdilər, Xocalı soyqırımını törətdilər. Bu gün artıq həmin şovinistlər də, neonasistlər də öz dərslərini alıblar və nə zamansa baş qaldırmağa çalışarlarsa, yenidən “dəmir yumruğ”un gücünü görəcəklər. Amma sadə, millətçilikdən, qonşulara qarşı ərazi iddialarından uzaq olan ermənilərin yenidən Azərbaycan xalqı ilə yaşamaq şansı var. Hətta, cənab Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Çünki bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi mövcuddur. Həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Bu mənada Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Bundan sonra da həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa biləcəklər. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaq”.

“Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, 10 noyabr tarixində imzalanmış bəyanatın əsasında regionun inkişafına xidmət edəcək davamlı sülhün təmin edilməsi üçün imkanlar var: “Bunun üçün isə mütləqdir ki, Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirsin. Davamlı sülhə nail olmaq həm də Ermənistan dövlətinin prioritet vəzifəsi olmalıdır. Əlbəttə ki, Azərbaycan davamlı sülhü ümumbəşəri sosial-siyasi dəyər hesab edir və bu səbəbdən də səbrlə, təmkinlə prosesləri izləyir, Ermənistanın təxribatlarına aqressiv reaksiya vermir, sülhün qorunub saxlanmasına çalışır. Ermənistan da öz növbəsində düşmənçilik səhifəsini çevirməyi bacarmalıdır. Əgər Ermənistan imzalanmış Bəyanata sadiqlik nümayiş etdirərsə, regionda sülh təmin olunacaq. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası, üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması ilə Ermənistan da mənfəət əldə edəcək, beləliklə də sülhün xeyrini görəcək”.