“Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilib. Sirr deyil ki, məhz, ideoloji prioritetlərin vəhdətliyi bu 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasının səbəbidir. Yəni, Azərbaycanda təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdu. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması həmin partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdu. Ona görə də, həmin partiyalar YAP-a birləşmək haqqında qərar qəbul etmişdilər. Digər tərəfdən, bu proses bir daha sübut edir ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur. Bu, eyni zamanda ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edir. Əlbəttə ki, siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasına da yeni imkanlar yaradır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir: “Çünki YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir. Məhz, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu, həmçinin milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların nəticəsi, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentdir. Ümumiyyətlə, məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün də yeni imkanlar yaradır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunur, eləcə də, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir. Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması isə siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edir”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından da xəbər verir: “Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Bu mənada, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir”.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb: “Bu gün aydın şəkildə görünür ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb”.