Home Manşet Bütün Azərbaycan möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandana minnətdardır

Bütün Azərbaycan möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandana minnətdardır

270
0
SHARE

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycanı regionda əsas söz sahibinə çevirmiş qlobal enerji layihələrin reallaşdırılmasında ardıcıllığın təmin olunması, ölkənin müdafiə potensialının gücləndirilməsi, beynəlxalq nüfuz və mövqelərinin möhkəmləndirilməsi, balanslaşdırılmış xarici siyasət kursu Prezident  İlham Əliyevin ötən 17 ildə xüsusi diqqət yetirdiyi məsələlərdəndir.

Daxili və xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillərdir. Cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü müstəqil xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi yer tutur.

Artıq ölkəmiz üçün yeni bir dövr – quruculuq dövrü başlayıb. Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratdı. Bu kontekstdə bir sıra məqamlara xüsusi olaraq diqqət yetirmək lazımdır. Əvvəla, Azərbaycan hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Sovet ittifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Digər tərəfdən, ölkəmiz böyük bir strateji regionda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu, sadəcə olaraq, hadisələri kənardan izlədilər və ona əsla müdaxilə edə bilmədilər. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq. Nəticədə isə  Prezidentin yaratdığı milli ortaq dəyərlər və vətəndaş həmrəyliyinin əsasında güclü Azərbaycan Vətən müharibəsində qalib gəldi. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər zaman İlham Əliyev bildirib ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: “Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!” Azərbaycan Ordusu ata-baba torpaqlarını terrorçu xunta rejimindən ermənilərdən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət başçısının dediyi heç bir söz əbəs yerə deyildi.

Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Beləliklə, Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin etdi.

Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Artıq hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq qürurla başı dik, sinəsi fəxarətlə dolu gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 17 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün oldu. İndi bütün Azərbaycan bu möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandana minnətdardır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı