Home Manşet Möhtərəm Prezidentimizin Qarabağa hər səfəri Böyük Qayıdışı sürətləndirən addımlarla yadda qalır –...

Möhtərəm Prezidentimizin Qarabağa hər səfəri Böyük Qayıdışı sürətləndirən addımlarla yadda qalır – Vüqar Rəhimzadə

577
0
SHARE

Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan ərazilərimizdə tezliklə məskunlaşmanın şahidi olacağıq. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə yadda qaldı.

Bu fikirləri Trend-ə “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Hər bir bölgənin inkişafında infrastruktur layihələrinin uğurlu icrasının əhəmiyyətli rol oynadığını önə çəkən V.Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu: “Bu, ilk layihə deyil. Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Həmçinin Horadizdən Zəngilana qədər yol çəkiləcək. Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Cənab İlham Əliyevin Füzuli rayonuna bundan əvvəlki səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulmuşdur. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Reallaşacaq bu layihələr, həmçinin bölgələrin, ümumilikdə Azərbaycanın iqtisadi potensialının artmasına stimul verəcək. İşğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlanması, “ağıllı şəhər”, “agıllı kənd” layihələrinin icrası, infrastrukturun yenilənməsi, bu ərazilərimizdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentimizin istəklərini nümayiş etdirir. Məqsəd soydaşlarımız üçün daha yüksək yaşam standartlarını tətbiq etməkdir. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan bu torpaqlarımızda daş-daş üstə qalmayıb. Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnətməkana çevriləcək. Prezident İlham Əliyev “Yenə işğaldan azad edilmiş torpaqlardayam” söyləyərək 30 ilin işğalına son qoyulmasından keçirdiyi sonsuz qürur hissini nümayiş etdirir və bu fikirdə belə bir əminlik öz aydın ifadəsini tapır ki, tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qovuşacaqlar. Cocuq Mərcanlı ilə başlanğıcı qoyulan Böyük Qayıdışımız reallığa çevriləcək.”

Baş redaktor dövlətimizin başçısının ilaxır çərşənbədə Qarabağın döyünən ürəyi olan Şuşamızı ziyarət etməsinin də səbəbsiz olmadığını bildirib: “İstər quruculuq-bərpa işləri, istərsə də yeni idarəçilik sisteminin yaradılması ilə bağlı ilk addımlar Şuşada atılıb. 8 noyabrda Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan. Şuşa biz səni dirçəldəcəyik!” söyləyən cənab İlham Əliyev hər bir vədi kimi, bu istəyini də reallığa çevirir. Bu fakt inkaredilməzdir ki, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutacaq. Əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də Vətən müharibəsinin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyildir ki, noyabrın 8-i, Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü kimi təsis edilib. Ermənistan rəhbərliyi onlarla heç bir tarixi əlaqəsi olmayan Şuşanı erməni şəhəri kimi qələmə verir, öz murdar ayaqlarını bu tarixi Azərbaycan torpağına basaraq içki məclisləri təşkil edir, Cıdır düzündə rəqs edərək xalqımızın milli və dini hissləri ilə oynayırdılar. Qondarma rejimin qondarma “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Cıdır düzündə yallı gedərək xalqımızın səbrini sınağa çəkən Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabrda Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli razılaşmaya imza atmağa məcbur edilməklə diz çökdü. Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu torpaqlara qalib ölkənin qalib Lideri kimi gəlir, üçrəngli bayrağımızı qaldırır və bu inamı ifadə edir ki, bayrağımız burada əbədi dalğalanacaq. Azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacaqlar. Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaqlar, insanlar öz doğma el-obasına qayıdacaq, həyat canlanacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.”

Vüqar Rəhimzadə 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ötən 28 ildə əldə etdiyi uğurlara, tarixi Qələbəmizi şərtləndirən amillərə bir daha diqqəti yönəldərək bildirib ki, yeni prioritetlər qarşıdakı dövr üçün geniş imkanlar açır: “Bu gün dünya 30 ilə yaxın dövrdə başına sığal çəkdiyi işğalçı Ermənistanla Azərbaycanın müqayisəsi fonunda ədalət meyarının, beynəlxalq hüququn maraqların arxasında tamamilə itməsinin hansı ağır nəticələrə gətirib çıxardığını görür. Azərbaycan haqlı tərəf kimi hər zaman ən yüksək tribunalardan ədalətli mövqeyini bəyan edib. Müstəqil dövlət olaraq siyasətində də müstəqil olduğunu sübut edib və bu gün də etməkdədir. Azərbaycan bu reallığı da bir daha dünyaya çatdırdı ki, tarixi saxtalaşdırmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaqla tarixi həqiqətləri gizlətmək olmaz. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Xocavənd rayonlarına və Şuşa şəhərinə səfər çərçivəsində Hünərli kəndindəki Alban məbədi ilə tanış olarkən bir daha bu saxtalaşdırmanın, erməni vandalizminin ağır nəticələrini dünya ictimaiyyətinə çatdırdılar. Ermənilər burada erməni dilində yazılar yazmaqla kilsəni erməniləşdirməyə çalışsalar da buna nail ola bilməmişlər. Bu, o deməkdir ki, tarix hər zaman öz ədalətli sözünü deyir. 44 günlük İkinci Qarabağ müharibəsi tarixi saxtalaşdırmaq yolunu tutan işğalçı Ermənistana və ona dəstək verənlərə ən böyük, heç zaman unudulmayacaq dərs oldu.”