Home Manşet Azərbaycanın dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya liderləri tərəfindən təqdirlə qarşılanırAzərbaycanın...

Azərbaycanın dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya liderləri tərəfindən təqdirlə qarşılanırAzərbaycanın dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya liderləri tərəfindən təqdirlə qarşılanır

263
0
SHARE

Xalqı keçmişindən və gələcəyindən məhrum etmək üçün onun tarixi yaddaşını oğurlamaq, silmək və məhv etmək kifayətdir. Yüz illərdir erməni millətçiləri də buna çalışır və Azərbaycan xalqının tarixi yaddaşını yox etmək üçün maddi və mənəvi abidələrimizi məhv etməyə can atıblar. Onlar başa düşürlər ki, yaddaş mədəniyyətin və dünyagörüşün davamlı dəyəridir, o, zamanın məhvedici qüvvəsinə qarşı çıxır. Buna görə də, ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyəti izlərini silməklə, xalqımızın tarixi yaddaşını da məhv etmək istəyiblər.

Erməni vandalları xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. Azərbaycanın tarixi torpağı olan Qarabağda yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.

İndi Ermənistanın işğalı altında qalmış torpaqlarımızdakı mədəniyyət abidələri, muzeylər və muzey kolleksiyaları ilə bağlı obyektiv məlumatları, bu tarixi-mədəni abidələrimizə qarşı münasibətdə erməni vandalizmini dünyaya daha geniş şəkildə çatdırmaq üçün üzərimizə böyük məsuliyyət düşür. Biz beynəlxalq təşkilatlara müraciət edərək uzun illər Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfindən təkcə torpaqlarımızın deyil, həm də mədəni irsimizin, memarlıq abidələrimizin mənimsənildiyini və qəsdən məhv edildiyini, onların tarixi faktları saxtalaşdırdığını, yalan məlumatlar yaydıqlarını, muzey eksponatlarının qanunsuz ixracı ilə məşğul olduqlarını və s. bu kimi həqiqətləri diqqətə çatdırırıq. Belə olan halda isə ermənilər Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair dezinformasiya yayaraq beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar. Məqsəd cəbhədəki məğlubiyyəti həzm edə bilməyən düşmənin saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışmasıdır.

Adıçəkilən ibadətgah, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilmişdir və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar tərəfindən məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilmişdir. İndi belə bir dezinformasiyanın yayılması siyasəti də ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilir. Bu yolla onlar özlərini həmin ərazilərin əzədi sakinləri kimi qələmə verməyə çalışırlar. Lakin unudurlar ki, işğal vaxtına qədər Cəbrayıl rayonunda bir nəfər də olsun erməni yaşamayıb. Prezident İlham Əliyevin də dediyimi kimi, Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya ölkələri və liderləri tərəfindən təqdirlə qarşılanır. Ölkəmizdə bütün dinlərə məxsus tarixi abidələr qorunur. Ona görə də işğal dövründə erməni hərbçilər tərəfindən tikilən hansısa bir tikilinin tarixi abidə adlandırılması və belə iddiaların irəli sürülməsi yolverilməzdir.

Bəli, bu gün Qarabağla bağlı haqq da, həqiqət də, tarix də bizim tərəfimizdədir. Və şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Anar Məmmədov

Milli Məclisin deputatı