Home Manşet COVAX ikili standart taktikasını seçir – Kamaləddin Qafarov

COVAX ikili standart taktikasını seçir – Kamaləddin Qafarov

371
0
SHARE

Təəssüflər olsun ki, bu gün hətta Ümumdünya Səhiyyə Təşkilatı da ikili standartlar siyasətinin təsirindən kənarda qala bilmir. Biz bunu ÜST-ün ölkəmizə COVİD-19-a qarşı vaksinlərin COVAX xətti ilə çatdırılması məsələsində son dövrlərdə sərgilədiyi mövqeyində açıq-aşkar görürük. Halbuki COVAX təşəbbüsü vaksinlərin paylanması prosesində bərabərsizliyi aradan qaldırmaq üçün ÜST tərəfindən yaradılmış bir təsisatdır.

Bu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, COVİD-19 qlobal pandemiya elan olunan gündən ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan pandemiyaya qarşı mübarizəyə ən fəal şəkildə qoşulan ilk dövlətlərdən biri olsa da, bu gün ölkəmiz vaksinlərin paylanması məsələsində ədalətsizliklə qarşılaşmalı olub: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz COVİD-19-la mübarizəyə dünya miqyasında mühüm töhfələr verib və bu proses bu gün də davam edir. İndiyədək Azərbaycan köməyə ehtiyacı olan ölkələrə maddi və tibbi yardımların göstərilməsi məqsədilə bilavasitə ÜST-ə 10 milyon dollar məbləğində vəsait ödəyib. Həmçinin 30-dan artıq ölkəyə bu məqsədlə birbaşa yardımlar göndərilib. COVİD-19-la mübarizəyə həsr olunmuş bütün beynəlxalq toplantılarda Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bizim üçün insanların sağlamlığı hər şeydən üstündür. Biz nəinki öz ölkəmizin vətəndaşlarının, həm də dünyada imkansız və koronavirusla bağlı ciddi çətinliklərlə qarşılaşmış digər ölkələrin vətəndaşlarının sağlamlıqlarını da düşündük. Azərbaycanın bu istiqamətdə atdığı bütün addımlar da məhz bu prinsiplərə əsaslanıb. Yeri gəlmişkən, məhz Azərbaycanın təşəbbüsü ilə ölkələrin qlobal pandemiyaya qarşı mübarizənin daha effektiv aparılması üçün öz səylərini birləşdirməsi mövzusunda dünyada ilk dəfə “online” formatda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının iclaslarlı keçirildi. Yenə də ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin may ayında videoformatda keçirilmiş Qoşulmama Hərəkatının konfransında BMT-yə COVİD-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təklifi göndərildi və 130-dan çox dövlətin dəstəyi ilə həmin ilin dekabrında bu sessiya baş tutdu. Sessiyada Qoşulmama Hərəkatının başçısı kimi Prezident İlham Əliyev öz çıxışında COVİD-19-a qarşı beynəlxalq mübarizəni gücləndirməyin və bu virusa qarşı vaksin icad olunduqdan sonra həmin vaksinin dünyada ədalətli şəkildə bölgüsünün təşkilinin vacibliyini qeyd etdi. Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biridir. Bir sözlə, Azərbaycan bütün digər məsələlərdə olduğu kimi, koronavirus pandemiyası ilə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir. Lakin əfsuslar olsun ki, bütün bu deyilənlərə baxmayaraq, ölkəmiz yenə də ikili standartlarla üz-üzə qalmaqdadır.”

Kamaləddin Qafarovun sözlərinə görə, COVAX-ın sərgilədiyi bu yanaşma tərzi ikili standartdan başqa bir şey deyil: “Vaksinlərin ədalətli bölüşdürülməsinə cavabdeh olan COVAX Azərbaycan qarşısında öz öhdəliklərini yerinə yetirməkdən faktiki olaraq boyun qaçırır. Belə ki, öncədən əldə olunmuş razılaşmalara əsasən istər vaksinlərin ölkəmizə çatdırılmasının zamanı, istərsə də də miqdarı baxımından əməl olunmur. Üstəlik son günlər COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Çox təəssüf doğuran bir haldır ki, başqa ölkələrə vaksinlər vaxtında çatdırıldığı halda, Azərbaycan özünün haqqı olan bu imkandan yararlana bilmir. Bu ikili standartlar insanların vaxtında vaksin olunma imkanını əlindən alır, onların həyatını, müəyyən mənada, təhlükədə qoyur. COVAX-ın nümayiş etdirdiyi qeyri-ciddi, məsuliyyətsiz davranış tərzi bu təsisatın beynəlxalq nüfuzunu heçə endirir. Eyni zamanda, baş verənlər Azərbaycanın hər zaman yalnız özünə güvənməli olduğunu bir daha göstərmiş oldu. Məsələ bundadır ki, Azərbaycan dövləti bütün digər məsələlərdə olduğu kimi vaksinlərin alınması məsələsində də qabaqlayıcı tədbirlər görüb. Belə ki, ölkəmiz COVAX-ın sonradan boş çıxan vədlərinə arxayın olmayaraq vaxtında atılan addımlar hesabına Çindən lazımi sayda keyfiyyətli vaksinin tədarükünü təmin edib. Bu isə bir daha sübut edir ki, Azərbaycanda insan amili dövlət siyasətində prioritet kimi müəyyən edilmiş ən mühüm amildir.”