Home Manşet Əbədi torpaqlarımız düşmən işğalından azad olunmaqla, soyqırım qubanlarının da ruhu şad oldu...

Əbədi torpaqlarımız düşmən işğalından azad olunmaqla, soyqırım qubanlarının da ruhu şad oldu – Tamam Cəfərova

279
0
SHARE

1918-ci il 30 mart-3 aprel tarixlərində azərbaycanlılara qarşı erməni faşistləri tərəfindən törədilmiş soyqırım aktından 103 il ötür. Azərbaycan tarixinin ötən 200 ilinə nəzər yetirdikdə, ermənilərin Azərbaycan xalqına qarşı qanlı faciələr törətdiyini müşahidə edirik. Bunun ən bariz örnəklərindən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ildə baş vermiş bu soyqırımı aktına 80 il sonra 26 mart 1998-ci ildə Ulu Öndər Heydər Əliyev “31 Mart Azərbaycanlıların soyqırımı Günü” kimi qeyd olunması üçün xüsusi fərman imzalamaqla hüquqi-siyasi qiyməti verib.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, 1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən faşist xislətli ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd ediblər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib.

Həmin dövrdə Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və hadisələrin araşdırılması üçün Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Bununla yanaşı, 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, AXC tərəfindən mart hadisələrinə verilən siyasi qiymət mövcud şəraitdə axıra qədər həyata keçirilə bilməyib. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün, onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edərək, bu mühüm missiyanı məharətlə həyata keçirib. İlk dəfə 26 mart 1998-ci ildə Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamaqla, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Beləliklə, ermənilər tərəfindən törədilmiş həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. Bunlarla yanaşı. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

T.Cəfərova xüsusilə vurğulayıb ki, erməni faşistlərinin nasist xislətini Azərbaycan xalqı II Qarabağ müharibəsində bir daha gördü. Belə ki, ermənilər dinc əhaliyə qarşı dünyada qadağan olunmuş silahlardan istifadə etməklə vandal, nasist simalarını bütün dünyaya bir daha nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində Gəncə şəhərinə və Bərdə rayonuna atılan bombalar nəticəsində 54 nəfər həyatını itirib, 195 nəfər isə yaralanıb. Gəncə və Bərdə hadisələri siyasi baxımdan Azərbaycan xalqına qarşı törədilmiş tarixi cinayətlərin davamı kimi qiymətləndirilməlidir.

Bütün bunlar onu deməyə əsas verir ki, faşist, nasist xislətli ermənilər Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Hər zaman saxta faktlar yaradaraq tarixi saxtalaşdırmağa çalışıblar. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Ermənilərin şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər. Əlbəttə, hər bir azərbaycanlı düşmənin məkrli siyasətinə qarşı ayıq olmalı, dövlətin atdığı addımların hər zaman arxasından getməlidir.

Deputat sonda qeyd edib ki, Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Xüsusilə də, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirib. Artıq BÜTÖV AZƏRBAYCAN var. Artıq hər birimiz BÖYÜK QAYIDIŞIN ayaq səslərini eşidirik. 44 günlük Vətən Müharibəsində Azərbaycan ərazi bötövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərqərar etmişdir. Əbədi torpaqlarımız düşmən işğalından azad olunmaqla, soyqırım qubanlarının da ruhu şad olmuşdur.

Bütün soyqırım qurbanlarını və şəhidlərimizi hörmətlə və rəhmətlə yad edirik. Şəhidlərimizin və soyqırım qurbanlarının qanı ilə sulanmış bu Vətən torpağı onların gələcək nəsillərə əmanətidir.