Home Manşet Sədaqət Vəliyeva: Azərbaycanın şanlı Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin...

Sədaqət Vəliyeva: Azərbaycanın şanlı Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin törətdiyi soyqırımının bütün qurbanlarının qisasını alıb

269
0
SHARE

“1918-ci ilin mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə müşahidə olunan çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. Tarixi faktlar göstərir ki, XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” xülyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar. Bu mənada, 1918-ci ilin 31 mart soyqırımı erməni millətçilərinin planlı şəkildə həyata keçirdiyi növbəti vandalizm, barbarlıq aktlarından biri idi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 1918-ci il 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazılıb: “Zaman-zaman azərbaycanlıları qətliama, soyqırımına və deportasiyaya məruz qoyan erməni millətçiliyi heç bir zaman əməlindən geri qalmayıb. Biz bunu 1992-ci ildə Xocalı soyqırımı zamanı da müşahidə etmişik. Eyni zamanda, 44 günlük Vətən müharibəsində də ermənilərin Gəncə, Bərdə, Mingəçevir və başqa yaşayış məntəqələrini raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırımı siyasətindən imtina etmədiyini göstərir. Bu faktlar bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də məkrli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, dünyanın gözü qarşısında soyqırımı siyasətini davam etdirməyə cəhd edir”.

“Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da erməni vəhşiliyinin ifşası baxımdan xüsusi əhəmiyyət kəsb edib.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, soyqırımılara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəylik nümayiş etdirib, 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edib: “Azərbaycanın şanlı Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin törətdiyi soyqırımının bütün qurbanlarının da qisasını alıb. Böyük zəfər ilə bütün şəhidlərimizin qisası düşməndən məhz döyüş meydanında alınıb”.

Deputat vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın azərbaycanlılara qarşı törətdiyi tarixi soyqırımı siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir: “Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə insanlığa qarşı törədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır. Bu məqamda xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsi bundan sonra da hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır”.