Home Manşet Tahir Rzayev: Aqrar sektorun inkişafına böyük diqqət və qayğı var

Tahir Rzayev: Aqrar sektorun inkişafına böyük diqqət və qayğı var

435
0
SHARE

“Azərbaycanda kənd təsərrüfatı tarixən iqtisadiyyatın aparıcı sahələrindən olub, bu gün də bu ənənə davam edir. Ulu Öndər ilk dəfə hakimiyyətə gələndə ölkədə kənd təsərrüfatının inkişafını əsas vəzifə kimi qarşıya qoydu və Azərbaycana rəhbərlik etdiyi müddətdə bu sahədə uğurlu nəticələr əldə olundu. Məhz buna görə də Azərbaycan ittifaqın ən sürətlə inkişaf edən respublikasından birinə çevrildi və bu, Azərbaycana böyük şöhrət gətirdi. İnsanların maddi rifah halı yaxşılaşdı, kəndlər, şəhərlər abadlaşdırıldı və iqtisadiyyat sürətlə inkişaf etdirildi”. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu gün də ölkədə aqrar sektorun inkişafına böyük diqqət və qayğı var və qəbul olunmuş proqramlar, layihələr, qərar və qətnamələr ölkədə aqrar sektorun inkişafına hesablanıb, hansıki, son illərdə əldə olunan nəticələr də deməyə əsas verir ki, bu sahənin inkişafı labüddür, əhəmiyyətlidir və bilavasitə vətəndaşlar tərəfindən dəstəklənir.

“Keçən il Azərbaycan üçün çətin və ağrılı il oldu. Həm də biz bu ili qələbə, zəfər ili kimi qeyd elədik. Faşist Ermənistan üzərində Azərbaycan mühüm qələbə qazandı. Əlbəttə ki, bu, tarixi bir qələbədir. Bu qələbəni qeyd etməmək olmaz. Ancaq koronavirusun gətirdiyi bəlalar, vurduğu yaralar heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Belə bir şəratdə əlbəttə ki, ölkədə aqrar sahəni inkişaf etdirmək, kənd təsərrüfatı məhsullarının istehsalında müsbət nəticələr əldə etmək çətindir. Ancaq buna baxmayaraq, kənd əməkçiləri, sahibkarlar bütün çətinliklərə tab gətirərək aqrar sahədə çox mühüm nailiyyətlər əldə elədilər. Kənd təsərrüfatı istehsalında keçən il artım 2 faiz olub. Heyvandarlıqda 3,1 faiz, bitgiçilikdə 10,8 faiz artım, eləcə də uğurlar əldə etmişik. Əlbəttə ki, belə bir çətin vəziyyətdə bu, uğurlu bir nəticədir. Ancaq buna baxmayaraq qarşıda böyük perspektivlər və böyük planlar var. İşğaldan azad olunmuş ərazilərin təmizlənməsi və həmin ərazilərdə aqrar sektorun inkişafı bir prioritet vəzifə kimi qarşıya qoyulub.

Cənab Prezident öz çıxışlarında dəfələrlə xatırladıb və bildirib ki, Azərbaycanda aqrar sektor mütləq davamlı şəkildə inkişaf etdirilməlidir. Bunun üçün ölkədə hər cür potensial var, imkan, şərait yaradılıb və ona görə də aqrar sektorun inkişafı üçün hər bir nazirlik, hər bir qurum, hər bir sahibkar, hər bir vətəndaş əlindən gələn imkanı əsirgəməməlidir.

Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr bu gün uğurla yerinə yetirilməkdədir. Mən keçən ilin nəticələrini xatırlatdım. Ancaq fikir verin ki, torpaqlar işğaldan azad olundu, bir çox sahələrdə aqrar sektorun inkişafına başlanılıb və keçən ilin sonlarında artıq əlavə 7 min hektardan çox sahədə əkin aparıldı. Ölkə rəhbəri öz müsahibələrində bildirdi ki, biz həmin əraziləri minalardan təmizləyəcəyik, həmin ərazilər abadlaşdırılacaq və sözsüz ki, həmin ərazilərin minalardan təmizlənməsi kənd təsərrüfatının inkişafına geniş imkanlar açacaq. Ölkə başçısı bildirdi ki, biz bu il 20-25 min hektar sahədə əkin aparmalıyıq. Sözsüz ki, işğaldan azad edilmiş ərazilər nəzərdə tutulur və digər tərəfdən 100 min hektara yaxın torpaqların suvarılması qərara alınıb. Həmin yerlərdə artıq məlumdur ki, bir çox elektrik stansiyaları quraşdırılır, artıq həmin ərazilərə yollar çəkilir, artıq həmin yerlərdə su tutarları istifadə vəziyyətinə gətirilir və bu da yaxşı haldır.

Əlbəttə, indi qarşıdan yaz mövsümü gəlir. Artıq kənd əməkçiləri çöldədirlər. Bu günlərdə tinglərin basdırılması, baramaçılığın inkişafı üçün şərait yaradılması, yeni üzüm plantasiyaları salınması, digər tərəfdən pambıqçılığın inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Keçən il Azərbaycan pambıqçıları rekord miqdarda məhsul götürdülər. Məhsul xeyli çox idi və demək olar ki, hər hektardan 33,6 sentner məhsul götürüldü ki, bu da yüksək məhsuldarlıq, yüksək göstəricidir. Sözsüz ki, pambıqçılığın inkişafı ölkə üçün çox vacibdir. Çünki, pambıq strateji məhsuldur, ölkəyə valyuta gətirən məhsuldur və bu sahənin inkişafı 100 minlərlə iş yerlərinin, özü də daimi iş yerlərinin açılmasıdır. Pambıqçılıq elə bir sahədir ki, burada il boyu iş var və insanlar burada işləyirlər. Digər tərəfdən pambıqçılıq heyvandarlığın inkişafına çox mühüm töhvə verir və bir yem bazası kimi bundan istifadə olunur.

Bu gün ölkədə digər sahələrdə olduğu kimi, aqrar sektorun da inkişafı üçün mühüm layihələr var. Kənd Təsərrüfatı Nazirliyi, müvafiq orqanlar artıq işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun inkişafı üçün mühüm layihələr hazırlayıblar və bu layihələrin reallaşdırılmasına sözsüz ki, həmin torpaqlar minadan təmizləndikdən sonra, həmin ərazilərdə təhlükəsizlik təmin olunduqdan sonra başlanılacaqdır.

Ümumiyyətlə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatı üçün çox vacib sahədir. Bu bizim üçün həm ixrac imkanlarının artmasına, xaricdən müəyyən qaydada külli miqdarda vəsaitin ölkəyə cəlb olunmasına imkan yaradır, digər tərəfdən insanların maddi rifah halının yaxşılaşdırılması üçün çox vacibdir. Ən nəhayət, ölkədə işsizliyin aradan qaldırılması üçün kənd təsərrüfatının inkişafı çox əhəmiyyətlidir.

Mən yenə də deyirəm, bu gün əgər ölkədə heyvandarlıq sürətlə inkişaf edirsə, pambıqçılıq, tütünçülük, taxılçılıq və digər sahələr inkişaf edirsə, burada 100 minlərlə insanlar çalışırlar və bu insanların əməyə cəlb olunması onların bilavasitə məşğulluğunun təmin olunması, onların gəlirlərinin artırılmasıdır, həyat şəraitinin yaxşılaşdırılmasıdır. Ona görə də qarşıda perspektivlər çox böyükdür və əmin etmək olar ki, eyni zamanda hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev onların arxasındadır, onların yaxşı yaşaması, həyat və güzəranlarının yaxşılaşdırılması üçün əlindən gələn hər bir şeyi edir və eləcə də aqrar sahəni inkişaf etdirməklə, bilavasitə insanların xoşbəxt həyatına təminat verilir”, deyə Tahir Rzayev bildirib.