Home Manşet Sevinc Hüseynova: Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət hansı imkanları açacaq? –...

Sevinc Hüseynova: Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət hansı imkanları açacaq? – ŞƏRH

668
0
SHARE

Bu gündən etibarən Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaq. Eyni zamanda qardaş Türkiyə vətəndaşları da eyni imkana malik olacaq. Bu, hər iki ölkə vətəndaşlarının çoxdan arzuladığı bir andır və ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət”, Prezident İlham Əliyevin “Türkiyə bizim üçün təkcə dost və tərəfdaş yox, qardaş ölkədir” fikrini bir daha təsdiqləyən addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu addım iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə, münasibətlərin daha da yaxınlaşacağına əsas verir:

“Bildiyiniz kimi Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim çoxşaxəli tədbirlər həyata keçirilir. Xalqımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər bir çox qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli gündə də, kədərli gündə də bir-birlərinin yanında olublar.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqli nəticəsi olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra isə iki qardaş ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və yeni əməkdaşlıq formatı yaranıb: “Bu yeni mərhələdə yeni hədəflər müəyyənləşib ki, vizadan azad olunma da yeni hədəflərə nail olmağa imkan yaradacaq. İndiyə qədər Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə çoxsaylı sazişlər imzalanıb və bu protokolun qüvvəyə minməsi həmin sazişlərin həyata keçirilməsinə və qarşıda duran məqsədlərin dolğun şəkildə reallaşmasına imkan verəcək.

Bu, həm Türkiyə və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarında mövcud olan yüksək səviyyəli əməkdaşlığın daha da səmərəli qurulmasına imkan yaradacaq, həm də artıq reallaşmış, ələlxüsus Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP layihəsinin daha səmərəli istifadə olunmasına imkan yaradacaq, ticarət dövriyyəsini artıracaq, orta və kiçik sahibkarlığın inkişafına təkan verəcək, Bakını logistik mərkəzə çevirəcək və azad edilmiş ərazilərimizdə bərpa işlərində Türk şirkətlərinin fəaliyyətinin təşkilinə böyük imkanlar açacaq, həmçinin Naxçıvan dəhlizi üzrə işlərin qurumlasına böyük təkan verəcək.

Bu addım bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə də böyük töhfə verməklə yanaşı türkdili ölkələr arasında da dostluq münasibətlərinin, əməkdaşlığın səmərəliliyini artıracaq. Vizadan azad olunma eyni zamanda iki ölkə arasında turizm sahəsinin potensialından daha geniş istifadə etmək və bu sahəni inkişaf etdirmək imkanı verəcək, qarşılıqlı turist axını artacaq. Ümumilikdə bu addım xalqlarımız arasında əlaqələrin daha da inkişafına böyük təkan verəcək, hər iki ölkə vətəndaşları bu addımdan böyük fayda görəcək”.

Qeyd edək ki, “10 dekabr 2020-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilmiş və protokol 1 aprel 2021-ci il tarixində qüvvəyə minir.

Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqdır.

​Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə Respublikasının ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə Respublikasının ərazisinə daxil olmaq üçün Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.

Bu mənada, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasının ərazisindən Türkiyə Respublikasına birbaşa səyahətlər üçün istifadə ediləcəkdir.

Həmçinin, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

​Eyni zamanda, Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.

Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə Respublikası ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür”.