Home Manşet Şəhid statusu ilə bağlı deputatdan təklif

Şəhid statusu ilə bağlı deputatdan təklif

312
0
SHARE

Ötən illərdə döyüş bölgəsində nümunəvi xidmət göstərən, lakin hansısa bədbəxt hadisə nəticəsində həlak olan əsgərlərimizə şəhid statusunun verilməsi məqsədəuyğun olardı.

Trend-in məlumatına görə, bu təkliflə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov çıxış edib.

Deputat qeyd edib ki, həmin əsgərlərin valideynləri bu istiqamətdə addım atılmasını gözləyirlər: “Bir var hərbçi döyüş şəraitində həlak olub, onunla bağlı məsələ aydındır, istisnasız olaraq onlara şəhid statusu verilir. Ancaq bir də var ki, əsgər və ya zabit döyüş bölgəsində xidmət edib, ancaq hər hansı bədbəxt hadisə nəticəsində həlak olub və şəhid statusu ala bilmir.

Əgər hərbçi hər hansı cinayət törətməyibsə, nümunəvi xidmət edibsə və hər hansı təsadüf, avtomobil qəzası nəticəsində, yaxud hərbçi yoldaşının diqqətsizliyi nəticəsində həlak olubsa, onlar da şəhid sayılmalıdır. Özü də onların sayı o qədər də çox deyil”.

A.Hüseynov konkret misal da çəkdi: “Qaradağ rayonunun Ələt qəsəbəsindən həqiqi hərbi xidmətə çağırılmış Həsənov Təbriz Bəxtiyar oğlu Aprel döyüşləri ərəfəsində qeyri-döyüş şəraitində həlak olub. O, nümunəvi xidmət göstərib, amma bu günə qədər şəhid statusu verilməyib. Bir çox belə oğullarımız var. Bu kimi həlak olanlarımız var ki, onlar da şəhid statusu verilməlidir. Çünki biz artıq zəfər qazanmış orduya sahib ölkəyik. O şəxslərin də valideynlərinin gözləri illərdir ki, yoldadır. Hesab edirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Yalnız kimsə dövləti cinayət törədibsə və dünyasını dəyişibsə, onlar şəhid statusundan kənarda saxlanıla bilər”.