Minalanmış ərazilər mülki vətəndaşlarımız üçün təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin dəqiq xəritəsini Azərbaycan tərəfinə təqdim etməməklə Ermənistan bölgədə humanitar vəziyyəti gərginləşdirməkdə davam edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Millət vəkili qeyd edib ki, Ermənistanın bu addımı beynəlxalq humanitar qanunlara, beynəlxalq sənədlərə, xüsusilə BMT-nin 1980-ci ildə qəbul etdiyi Adi Silahlara dair Konvensiyaya əlavə olunmuş 1 nömrəli Protokola, eləcə də Ottava Razılaşmasına ziddir:
“Minalanmış ərazilərlə bağlı dəqiq xəritənin Azərbaycana verilməməsi mina təmizləmə əməliyyatlarını ləngidir, bununla da ölüm hallarını artırır. Bu günə kimi 10-dan çox mülki şəxs həlak olub, 30-dan çoxu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, ANAMA-nın əməkdaşları işğaldan azad olunmuş əraziləri minalardan təmizləyərkən müxtəlif dərəcəli bədən xəsarəti alıb.
44 günlük haqq müharibəmizin ardınca noyabrın 10-da imzalanmış üçtərəfli razılaşma ilə faktiki olaraq məğlubiyyətini rəsmiləşdirən Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməlidir. Bölgədə vəziyyəti normallaşdırmaq məqsədilə, beynəlxalq təşkilatlar, xüsusilə, BMT və müvafiq strukturları, ATƏT və onun Minsk Qrupu fikrimcə, onlara təzyiq göstərməli, bunu Ermənistandan tələb etməlidirlər”.
S.Mikayılova vurğulayıb ki, minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmaması post-müharibə dövründə qarşılıqı etimad yaratma tədbirlərinə xələl gətirməklə yanaşı, humanitar böhranı daha da dərinləşdirir:
“30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların elementar insan haqları bir daha kəskin şəkildə pozulur. Ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gun orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur.
Xüsusi vurğulamaq lazımdır ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan mülki əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyi yaradır. Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də, humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurlar başlanmalıdır”.