Home Manşet Azərbaycanın zəfəri bütün türk xalqlarının tarixinə düşmüş şanlı qələbədir – Səttar Möhbalıyev

Azərbaycanın zəfəri bütün türk xalqlarının tarixinə düşmüş şanlı qələbədir – Səttar Möhbalıyev

256
0
SHARE

Ölkə Prezidenti cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında II Qarabağ müharibəsinin başlanmasını qaçılmaz edən səbəblər, hərbi əməliyyatların gedişi, müharibənin nəticələri və bu nəticələr əsasında yaranmış yeni reallıqlar ətraflı şəkildə təhlil olunmuşdur. Eyni zamanda da dövlətimizin başçısı öz çıxışında regionun gələcək inkişaf perspektivləri və bu perspektivlərin reallaşdırılması baxımından qlobal əhəmiyyət kəsb edən layihələrdən bəhs etmişdir.

Trend-in məlumata görə, bunu müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

İlk növbədə Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu dövrdə bütün Cənubi Qafqazın inkişafında böyük ləngimənin olduğunu vurğulayan millət vəkili bildirib ki, məhz rəsmi İrəvanın işğalçı siyasəti regionda daimi gərginliyin mövcudluğuna və bu əsasda yaşanan qanlı faciələrə səbəb olub: “30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındılar, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldular. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldı, qətliamlar törədildi. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülüb. Ocümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilib. Və bütün bunlara görə 30 il ərzində heç kim cəzalandırılmayıb. Bir tərəfdən beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti olmayıb. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum 28 il ərzində fəaliyyət göstərsə də, heç bir nəticə hasil olmadı. Əlbəttə ki, işğal faktorundan ən böyük zərər çəkən tərəf məhz Azərbaycan olmuşdur. Lakin Ermənistanın bu təcavüzkar siyasəti bütün Cənubi Qafqaz regionunun inkişafını da əngəlləyirdi. Çünki Azərbaycam Prezidenti hər zaman deyirdi ki, biz öz torpaqlarımızı geri alacağıq. Əgər məsələnin həlli sülh yoli ilə mümkün olmasa, biz bunu hərbi yolla edəcəyik. Hərbi münaqişə riski olan bölgəyə isə əlbəttə ki, xarici investorlar tərəfindən yatırım qoyulması demək olar ki, mümkün deyil. Əlbəttə ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr tərəfindən Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və müvafiq sanksiyalar tətbiq edilsəydi, məsələ sülh yolu ilə öz həllini tapa bilərdi. Lakin bu baş vermədi. Bu səbəbdən də Azərbaycan hərbi yolla öz torpaqlarını qaytarmağa məcbur oldu.”

Daha sonra Səttar Möhbalıyev Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha erməni vandalizmi barədə konkret faktların təqdim olunmasının əhəmiyyətini qeyd edərək bunları deyib: “İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin birbaşa canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Həmin torpaqlarda Azərbaycanın bütöv şəhərləri və kəndləri dağıdılıb, evlər viran qyulub, tarixi abidələrimiz dağıdılıb və talan edilib. Prezident İlham Əliyev bütün bunlar barədə Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha ətraflı məlumat verərək qeyd etmişdir ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bütün bunlar azmış kimi, Ermənistan rəhbərliyi bu gün də özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir. Hələ də minaların yerləşmə xəritəsi Azərbaycana təqdim olunmayıb. Bu, əlbəttə ki, növbəti hərbi cinayətdir. Çünki müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Həmin xəritələrin bizdə olmamasına görə minalardan təmizləmə işləri daha çox vaxt aparır və əlbəttə ki, bu səbəbdən də köçkün, qaçqın soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması hələlik həyata keçirilə bilməz.”

Millət vəkili bu məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir: “Birmənalı olaraq deyə bilərik ki, məhz Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə bu təşkilatın nüfuzu məlum hadisələr səbəbilə daha da artıb. Türk Şurasının Zirvə görüşündə də xüsusi olaraq qeyd edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışında bu məqamı vurğulayaraq bildirib ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Beləliklə də Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Yaranmaqda olan yeni nəqliyyat dəhlisi ilə Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşəcək. Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə bütün Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən bir Zəfərdir.”