Home Manşet Vətənpərvərliyi təkcə gənclərə şamil etmək olmaz, kompleks yanaşma olmalıdır – Yeni qanun...

Vətənpərvərliyi təkcə gənclərə şamil etmək olmaz, kompleks yanaşma olmalıdır – Yeni qanun layihəsi ilə bağlı AÇIQLAMA

578
0
SHARE

Vətənpərvərlik, Vətəni sevmək, Vətənə məhəbbət ülvi bir duyğudur. Hər bir güclü xalqın, millətin, dövlətin var olmasının kökündə məhz güclü vətənpərvərlik hissi dayanır. 44 günlük müharibədə də xalqımızın vətənpərvərliyinin nə qədər yüksək olmasının şahidi olduq.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova yeni hazırlanan “Azərbaycanda Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirərkən deyib.

A.Həsənova bildirib ki, vətənpərvərlik hissi nə qədər yüksək olarsa, cəmiyyət, dövlət o qədər sürətlə inkişaf edər, qüdrətli və yenilməz olar, düşməndə qorxu yaradar: “Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək əsla olmaz”.

Deputat hesab edir ki, vətənpərvərlik məsələsinə sistemli şəkildə yanaşmaq vacibdir: “Vətənpərvərliyi şəxsiyyətin digər dəyərlərindən ayırmaq doğru deyil, yəni vətənpərvərlik məsələsinə kompleks şəkildə yanaşmaq lazımdır”.

Deputat qeyd edib ki, vətənpərvərlik dedikdə bunu ancaq gənclərə və yeniyetmələrə şamil etmək doğru deyil: “Yəni vətənpərvərlik məsələsi hər bir Azərbaycan vətəndaşına aid olmalıdır. Biz adətən vətənpərvərlik deyəndə bunu ancaq gənclərə şamil edirik. Vətənpərvərlik elə bir duyğudur ki, istənilən yaşda olan insan bunu hiss edir və etməlidir. Vətənpərvərlik hissi daim insanlara aşılanmalıdır, burada yaş məhdudiyyəti qoymaq, yalnız gəncləri hədəf almaq düzgün yanaşma deyil.

Bəzən biz fikirləşirdik ki, gənclərdə vətənpərvərlik məsələsində hansısa boşluqlar var, amma Vətən müharibəsində gənclərimiz göstərdi ki, onlar hər zaman vətəni qorumağa hazırdır. İstər Aprel döyüşlərində, istərsə də Tovuz istiqamətində gedən döyüşlər zamanı biz cəmiyyətimizin, xüsusuilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq. Gənclərimiz küçələrə axışaraq Vətənin müdafiəsinə qalxdılar, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşməyə, canlarından belə keçməyə hazır olduqlarını bildirdilər”.

A.Həsənova qeyd edib ki, vətənpərvərlik hissinin aşılanması ardıcıl şəkildə aparılmalıdır, yəni zəncirvari formada həyata keçirilməlidir: “Xüsusilə vətənpərvərlik təbliğatı azərbaycançılıq məfkurəsinə, azərbaycançılıq ideologiyasına əsaslanan formada həyata keçirilməlidir. Yəni bu ilk növbədə ailədən başlamaldır. Xüsusilə uşaqların ilk dəfə sosiallaşmağa başladığı baxçalarda vətənpərvərlik hissi düzgün aşılanmalıdır. Uşaqlara vətənpərvərlik hissinin aşılanması formal xarakter daşımamalıdır. Uşaqlara yalnız bir neçə dəyərləri öyrətməklə kifayətlənmək olmaz. Vətənpərvərlik hissini ilkin davranışlara, vərdişlərə həkk etmək lazımdır, yəni istər təbiətə münasibətdə, insanlara münasibətdə, ümumilikdə insan həyatının hər bir sahəsində vətənpərvərlik hissi olmalıdır.

Bu şəkildə vətənpərvərlik hissi zəncirvari olaraq aşılanmalıdır və insan bütün yaşlarında vətənpərvərliyini nümayiş etdirməlidir. Misal üçün dövlət himi səsləndirilərkən əlini sinəsinə qoymaq vətənpərvərlik hissinin, bayrağa, dövlətə, himnə dərin məhəbbətin təzahürüdür. Bu vərdişlər insanlara körpə yaşlarından aşılanmalıdır”.

Deputat bildirib ki, vətənpərvərlik ətraf mühitə münasibətdə, ictimai münasibətlərdə, fərdi münasibətlərdə də özünü biruzə verməlidir: “Yəni bu münasibətlərin heç birində aqressiya olmamalıdır. Burada da vətənpərvərlik hissinin təzahürləri olmalıdır. Sən ətraf mühitə sevgi ilə yanaşmırsansa, öz həmvətəninə aqressiya göstərirsənsə, Vətəni necə sevə bilərsən?! Ətraf mühit də, həmvətənlər də sənin vətəninin bir hissəsidir. Vətənə münasibətdə möhkəm, əqidəli, düzgün, dürüst olmaq lazımdır. Yalnız onda Vətən möhkəm olar. Biz nə qədər daxildə bir-birimizə, ətrafımıza hörmət etsək, vətənpərvərliyimizi nümayiş etdirsək, dövlətimiz o qədər güclü olar”.