Home Manşet Deputat Anar Məmmədov: Ermənistan Azərbaycana qarşı oğurluq silahlardan istifadə edib

Deputat Anar Məmmədov: Ermənistan Azərbaycana qarşı oğurluq silahlardan istifadə edib

629
0
SHARE

Ermənistan Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzü nəticəsində beynəlxalq hüquq normaları ilə qadağan olunmuş hərbi fəaliyyət göstərib, mütəmadi olaraq hərbi cinayətlər törədib. Ötən dövr ərzində mənfur düşmən davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan xalqını qorxutmaq, onun əzmini sındırmaq, Azərbaycanı isə Ermənistana cavab zərbəsi endirməyə təhrik etməklə, Rusiya başda olmaqla KTMT-ni müharibəyə cəlb etmək məqsədi güdüb. Lakin təcavüzkar ölkə ağır artilleri­ya qurğularından, qadağan olun­muş silahlardan, həmçinin ballistik raketlərdən istifadə etməklə faşist xislətini ortaya qoyub.

Ölkəmizin dinc yaşayış məntəqələrinin Ermənistan tərəfindən atılan raket, ağır artilleriya və digər silahlardan qəsdən bombalanması 1974-cü il Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə görə, birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən silahlı təcavüz cinayətinin tərkibini yaradır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir. Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır.

Məlumdur ki, Ermənistan Azərbaycan ərazisində saysız-hesabsız hərbi cinayətlər törədib. Belə əməllərdən biri də müharibə dövründə Şuşaya “İskəndər-M” operativ-taktiki raket kompleksinin atılmasıdır. Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunması da faktdır. İndi isə sübut olunur ki, ermənilər həm də oğurluq silahlardan istifadə ediblər. Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində də İkinci Qarabağ müharibəsi günlərində Ermənistanın rəsmi şəxslərinin tez-tez Moskvaya səfər etməsi və oradakı şəxsi əlaqələrindən istifadə edərək xidməti təyyarələrində Ermənistana silahlar daşıması barədə ətraflı danışıb və bildirmişdi ki, erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var.

Beləliklə, Ermənistanın bir çox silahları, o cümlədən “İskəndər-M” raketlərini oğurluq yollarla əldə etdiyi məlum olur. Məqsəd isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı dağıtmaq olub. Amma Ermənistan məkrli məqsədinə çata bilməyib. Şanlı Azərbaycan Ordusu Ermənistanın Qarabağda yerləşdirdiyi bütün silah-sursat anbarlarını, ümumiyyətlə, Ermənistan ordusunu darmadağın edərək, tarixi ədaləti, özünün ərazi bütövlüyünü bərpa edib.

Əminik ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə həm universal cinayət yurisdiksiyasına görə milli hüquqi əsasda, həmçinin beynəlxalq məhkəmə instansiyaları qarşısında məsuliyyətə cəlb olunacaq. Bunun üçün həm real beynəlxalq hüquqi əsaslar, həm də çoxsaylı video-audio və digər faktlar və materiallar vardır.

Anar Məmmədov

Milli Məclisin deputatı