Home Manşet Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin peyvəndlərə bərabərhüquqlu və ədalətli şəkildə əlçatanlığın təmin...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin peyvəndlərə bərabərhüquqlu və ədalətli şəkildə əlçatanlığın təmin olunmasında nümayiş etdirdiyi liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır

31
0
SHARE

“Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Məhz Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, may ayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və dekabrda BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Eyni zamanda, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb və qətnamə 2021-ci il martın 23-də konsensus əsasında qəbul edilib. Bununla yanaşı, Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı ayırıb. Beləliklə də, Azərbaycan əməli fəaliyyəti ilə COVİD-19 pandemiyasına qalib gəlmək üçün bütün dünya üçün “birlikdə güclüyük” formulunu təqdim edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir: “Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin peyvəndlərə bərabərhüquqlu və ədalətli şəkildə əlçatanlığın təmin olunmasında nümayiş etdirdiyi liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır. Hətta, beynəlxalq ictimaiyyət Azərbaycanın bu təşəbbüsünün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Prezident İlham Əliyevin qlobal təşəbbüsləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən də yüksək dəyərləndirilir. Baş direktorun şəxsi “Twitter” hesabında Prezident İlham Əliyev ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşımı, Cenevrə şəhərində keçirilən tədbirdə dövlətimizin başçısının peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlaması Azərbaycanın COVİD-19-la mübarizədə nümunəvi ölkə olmasına işarədir”.

“Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur: “Azərbaycan 4 milyon doza vaksinin gətirilməsini öncədən təmin edib. Eləcə də ötən həftə ölkəmizə “AztraZeneca” şirkətinə məxsus 84 000 doza, Çindən isə əlavə 500 min doza vaksin gətirilib. Yəni, anlaşılan odur ki, bu gün dünyada onlarla dövlət hələ də vaksin ala bilmədiyi halda Azərbaycanda artıq peyvənd problemi həll olunub və vaksinasiya işləri də həyata keçirilməkdədir. 06.04.2021-ci il tarixinə əsasən vurulan vaksinlərin sayı 982 min 291-ə bərabər olub. Amma biz bununla kifayətlənə bilmərik. Çünki koronavirus dünyaya yeni mutasiyalar təqdim edir, bir sıra ölkədə yeni yoluxma dalğasının yaranmasına səbəb olur. Bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Ona görə də, insanlarımız vaksinasiya prosesində çox aktiv olmalıdırlar. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında azaltmaq mümkün olacaq. Eyni zamanda, sərt karantin tətbiq olunarkən vaksin olunmuş insanların üstünlükləri də ola bilər. Məsələn, bu gün Avstriyada vaksin olunmamış insanları mağazalara buraxmırlar. Bu mənada, vaksinasiya olunmuş insanlar əlavə üstünlüklər əldə edə bilərlər. Bu, xarici ölkələrə səfərlərin mümkünlüyü, sərbəst hərəkət, SMS icazənin olmaması və s. ola bilər. Lakin onu da unutmayaq ki, vaksinasiya cəmiyyətimizin sağlamlığıdır və COVİD-19 pandemiyasına qalib gəlməyin yeganə mümkün yoludur”.