Home Manşet Tahir Rzayev: “İskəndər-M” raketini Ermənistana kimin verməsi, Şuşaya kimin tapşırığı ilə atılması...

Tahir Rzayev: “İskəndər-M” raketini Ermənistana kimin verməsi, Şuşaya kimin tapşırığı ilə atılması ciddi suallar doğurur

648
0
SHARE

İşğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafında həyata keçirilən minalardan təmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər-M” raketinin qalıqlarının tapılması erməni faşizminin mahiyyətini və bu təcavüzkar dövlətə havadarlıq edənlərin çirkin niyyətlərini bir daha nümayiş etdirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, halbuki həm Ermənistanın siyasi – hərbi hakimiyyəti, həm də ona dəstək verənlər müharibə dövründə Azərbaycan ərazilərinə “İskəndər” raketinin atılmasını dəfələrlə təkzib edir və bunun mümkün olmadığını söyləyirdilər:

“Raketin qalıqları və onun düşdüyü yerin dağıntıları bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüququn bütün normalarını pozaraq insanlığa zidd bəşəri bir cinayət törədib və öz cinayətkar əməllərini bir müddət pərdələməyə nail olub. Təbii ki, bu Ermənistan təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi birinci cinayəti deyil və yüz illərdir ki, millətçi ermənilər azərbaycanlıların, türklərin qanını axıtmaqla fəxr ediblər.

Beynəlxalq ictimaiyyət isə uzun müddətdir bunu görür və təəssüflər olsun ki, susur. Əksinə erməniləri əzilən, yazıq, hüquqları pozulan bir xalq kimi təqdim etməklə, faşizmin, təcavüzün əl-qol açmasına imkan yaradırlar”.

Deputat vurğulayıb ki, böyük dağıdıcı gücə malik olan “İskəndər-M” raketinin Şuşaya atılması bir reallıqdır və dünya, beynəlxalq təşkilatlar, dövlət rəhbərləri, siyasətçilər insanlığa zidd olan bu əməllərə öz münasibətini bildirməlidir:

“Bu silahın necə əldə edilməsi, kim tərəfindən verilməsi, kimin tapşırığı ilə ərazilərimizə atılması mütləq araşdırılmalı və müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır”.