Home Manşet Azərbaycan BMT ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir

Azərbaycan BMT ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir

650
0
SHARE

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də beynəlxalq təşkilatlara üzv olmaq və əlaqələri genişləndirməkdir. Bu siyasətin əsas istiqaməti dövlətçiliyi və müstəqilliyi möhkəmləndirməyə, inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səylər göstərir.

Dünyanın ən mötəbər və nüfuzlu təşkilatı olan BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan verdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət və nizamasalma prosesində Azərbaycan Respublikasının sülhsevər mövqeyi, daxili və xarici siyasəti barədə dünya birliyinə geniş və hərtərəfli məlumat verilməsini özünün başlıca vəzifəsi hesab edən Azərbaycan hökuməti ölkəmizin BMT-yə üzvlüyünün ilk günlərindən onun əsas strukturlarında bu istiqamətdə fəal iş aparıb.

Hazırda ölkəmiz üçün postmüharibə dövründə bütün diqqətlər gələcəyə yönəlib. Yəni İkinci Qarabağ müharibəsinin qalib ölkəsi kimi Azərbaycan dünya ölkələrini əhatə edən təşkilatla münasibətlərinin yeni formatını müəyyənləşdirib və bu gün Azərbaycan qalib ölkə kimi xarici siyasət kursunun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir.

Ötən gün BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidentinin Azərbaycana səfəri çox əlamətdar hadisədir və görüşdə bir çox vacib məqamlara toxunuldu. BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşdə Prezident İlham Əliyev bir daha Ermənistanla aparılan əvvəlki danışıqlardan söz açaraq dedi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü.  BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur.  Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda törətdiyi vandalizmin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Bu mənada UNESCO missiyası səfər çərçivəsində erməni vandalizmi ilə yerində tanış olacaq.

Görüşdə COVID-19-a qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsi də müzakirə olunub. Məlum olduğu kimi, COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi andan etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır.  Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin, BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi bunun əyani sübutu idi. Bütün tədbirlərdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxışlarında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərirdi.BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidenti də görüşdə bildirdi ki, həyata keçirilən tədbirlər, Azərbaycanın təşəbbüsləri BMT tərəfindən dəstəklənir.

Sevindirici hal odur ki, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidenti qardaş Türkiyə nümayəndəsidir və bu mənada inanırıq ki, erməni vandalizminə layiqli qiymət veriləcək və COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə daha mütəşəkkil qərarlar qəbul edilərək effektiv tədbirlər görüləcək.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı