Home Manşet Sədaqət Vəliyeva: Qarabağ Dirçəliş Fondunun yaradılması milli birliyin qorunmasına institusional töhfədir

Sədaqət Vəliyeva: Qarabağ Dirçəliş Fondunun yaradılması milli birliyin qorunmasına institusional töhfədir

499
0
SHARE

“Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Təsəvvür edin ki, işğaldan azad edilmiş ərazilərdə bir dənə də olsun salamat bina yoxdur. Kommunal infrastruktur, yol, inzibati və yaşayış binaları demək olar ki, tamamilə məhv edilib. Bu baxımdan, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsində, Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Qarabağ Dirçəliş Fondunun yaradılması milli birliyin qorunmasına institusional töhfədir: “Fondun yaradılması həm də ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin təcəssümüdür. Qarabağ Dirçəliş Fondu dövlətin Qarabağ siyasətinin də təzahürüdür. Bu mənada, bu gün heç kəs şübhə etmir ki, qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək. Bütün bu proseslər də Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin olunmasında, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasında, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsində mühüm əhəmiyyət daşıyacaq.

Sədaqət Vəliyeva əlavə edib ki, Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək: “Bu gün həmvətənlərimiz Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri milli-mənəvi birliyimizi möhkəmləndirir, Vətən, torpaq, yurd sevgisini daha da artırır. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edirlər. Çünki hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək”.