Home Manşet Sədaqət Vəliyeva: Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq”...

Sədaqət Vəliyeva: Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır

501
0
SHARE

“Hərbi Qənimətlər Parkı müzəffər ordumuzun gücünün, Azərbaycan xalqının iradəsinin, birliyinin təcəssümüdür. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Hərbi Qənimətlər Parkı həm də Qələbənin əbədiləşdirilməsinə xidmət edən bir möhətəşəm təşəbbüsdür. Bu səbəbdən də, bu parkın açılışı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti dərs oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaq: “Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirən simvollardan biridir. Azərbaycan Ordusunun gücünü əks etdirən bu nadir park gələcək nəsillər üçün dəyərli məkana çevriləcək. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişidir. Bu mənada Parka gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, dövlətimizin iradəsini görəcək. Bir daha şahidi olacaq ki, bu Qələbəni əldə etmək nə qədər çətin və məsuliyyətli idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan Ordusunun gücünü və potensialını hər mənada özündə əks etdirən Hərbi Qənimətlər Parkı gələcəkdə Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək revanşistlər üçün də bir ibrət dərsidir, eyni zamanda, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır: “Düşünürəm ki, məktəblilər, tələbələr, gənclər bu parkı tez-tez ziyarət etməli, Ermənistanın məğlub, Azərbaycanın isə qalib ölkə olduğunun əyani təsəvvürlərlə şahidi olmalı, ölkəmizin, ordumuzun haqq işi, ərazi bütövlüyü uğrunda mübarizəsinin ağırlığını, çətinliyini anlamalı, müzəffər Ali Baş Komandanın siyasi-hərbi strategiyası sayəsində düşmənin necə pərən-pərən salınmasını görməlidirlər. Əminəm ki, bu Park gənc nəslin vətənpərvər ruhda yetişməsinə xüsusi töhfələr verəcək”.