Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, şanlı ordumuzun, qəhrəman xalqımızın şücaətinin, mübarizə əzminin, qələbə təntənəsinin simvoludur.
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, parkdakı hər bir əşya, mexanizm, dəmir parçası, mühərrik, texnika bizə ağır döyüşlərin xatirələrini yaşadır:
“Bir vaxtlar azğın düşmən-erməni faşistləri bu tanklarla, toplarla, silahlarla Azərbaycana hədə-qorxu gəlib Bakıya yol açacaqlarını bildirdikləri halda, indi bu döyüş texnikaları insanların nifrətli baxışları altında meyitə çevriliblər. Bunlar yeni reallıqların nümunələridir.
Açıq səma altında salınan bu Parkın cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 3-cü ilinin tamam olması ərəfəsində açılması rəmzi məna daşıyır və bilavasitə Ali Baş Komandana bir töhfə kimi qiymətləndirilməlidir. Çünki yeni dövrün yeni reallıqlarını məhz cənab İlham Əliyev xalqına, ordusuna, özünün siyasətinə, uzaqgörənliyinə və dost ölkələrin köməyinə arxalanaraq yaratmışdır.
Buna görə də dövlətimizin başçısı deyir: “Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.
T.Rzayev vurğulayıb ki, Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı tarixi qələbə dövlətimizin beynəlxalq aləmdəki nüfuzu, davamlı iqtisadiyyatımız, polad birliyimiz, həmrəyliyimiz, torpağa məhəbbətimiz Prezidentimizə ən mötəbər kürsülərdən cəsarətlə çıxış etməyə, öz sözünü qətiyyətlə söyləməyə imkan verir və o, özünün ədalətli mövqeyini ortaya qoymaqda haqlıdır:
“Çünki 30 illik işğal dövründə ən nüfuzlu beynəlxalq təşkilatlar erməni təcavüzünə qarşı prinsipial mövqe sərgiləmədi, təcavüzkarları müdafiə etdi və Azərbaycana lazımi dəstək vermədilər. Nəticədə Azərbaycan Prezidenti hərb yoluna üstünlük verdi, yaratdığı, təkmilləşdirdiyi ordusu ilə düşməni tamamilə məhv etdi.
Hərbi Qənimətlər Parkı bunun bir nümunəsidir və hər bir vətəndaşda, sülhü, əminamanlığı dəstəkləyən hər bir insanda qürur hissi doğurur. Bu qürur isə bizə yeni güc, yeni qüvvət və yeni inam verir”.