«Yüksək döyüş bacarığı nümayiş etdirən Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovdu və ədaləti bərpa etdi. Müzəffər ordumuz düşmənin illərdir yaratdığı bir neçə mərhələdən ibarət istehkamlarını, minalanmış sahələri, toxunarkən səs salan tikanlı məftilləri, zirehli texnikanın hərəkətinin qarşısını alan dəmir konstruksiyaları, dərin xəndəkləri, bombalardan qorunmaq üçün bunkerlər və onların arasındakı tunelləri məharətlə keçərək darmadağın etdi. Bununla da dünyanın hərb tarixinə yeni səhifə yazdı. Hesab edirəm ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 18 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin məntiqi nəticəsidir.”»
Bu fikirləri tan.az-a müsahibəsində Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirib.
R.Məmmədov qeyd edib ki, dövlət başçımız cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə həm döyüş meydanında, həm də informasiya cəbhəsində Azərbaycanın Qələbəsini təmin edərək Ermənistana və ona havadarlıq edənlərə sübut etdi ki, «Qarabağ Azərbaycandır!»” Bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı da İkinci Qarabağ müharibəsi həqiqətlərinin təbliğində böyük rol oynayacaq. Vətən müharibəsinin hər anını özündə əks etdirən bu eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri təkrar-təkrar göz önünə gətirəcək. Orada düşmənin şəxsi heyətinin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqları, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, işğalçı ordunun məhv edilmiş mövqelərinin görüntüləri sərgilənir. Azərbaycana gələn bütün xarici qonaqlar bu parkı ziyarət edərkən erməni işğalçılarının insanlıq əleyhinə törətdikləri cinayətləri faktlarla görəcəklər. Bu da onların ölkəmizin Qələbəsi barədə daha ətraflı məlumatlar əldə etmələrinə imkan yaradacaq. Terrorçu ölkəni ifşa etmək üçün onların cinayətkar əməlləri faktlarla dünya ictimaiyyətinə çatdırılmalıdır.
R.Məmmədov diqqətə çatdırıb ki, işğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq burada quruculuq işləri başlayıb, infrastruktur layihələrinə start verilib. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin möhtərəm Prezidentimizin də öz çıxışlarında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Bu torpaqların əsl sahibləri isə həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün işlər görürlər.