Ermənistan növbədənkənar parlament seçkilərinə siyasi-iqtisadi kollaps şəraitində gedir. İkinci Qarabağ Müharibəsinin bu ölkədə yaratdığı böhran hər keçən gün daha dərinləşməkdədir. Sosial-iqtisadi çətinliyin fonunda siyasi qüvvələr arasında mübarizənin kəskinləşməsi isə əhalinin ümidsizliyini daha da artırıb. Bunun nəticəsidir ki, keçirilmiş sosioloji sorğularda əhalinin təqribən 40 faizi ölkədə heç bir siyasi qüvvəyə inanmadığını bildirib.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, əsas təəssüf doğuran məqam isə odur ki, Ermənistanda həm hakimiyyət, həm də müxalif siyasi dairələr yenə də Qarabağ kartından öz hakimiyyət maraqları üçün istifadə etməyə çalışır, revanşist ideyalarla çıxış etməklə əhalinin seçkiqabağı etimadını qazanmağı hədəfləyirlər:
“Baş nazir Nikol Paşinyanın parlamentdə Qarabağla bağlı sərsəm bəyanatı da bu baxımdan dəyərləndirilməlidir. Koçaryanın yenidən siyasi səhnəyə qayıdışından narahat olan Paşinyan bu kimi provokativ çıxışlar etməklə narazı kütlənin diqqətini özünə cəlb etməyə çalışır. Yuxarıda da qeyd etdiyim kimi, erməni seçicilərin 40 faizdən çoxu hələ də kimə səs verməklə bağlı tərəddüd içərisindədir.
Əhalinin güzəranının getdikcə pisləşməsi isə Paşinyanın erməni xalqına perspektiv vəd etmətiyi fikrini möhkəmləndirir. Belə olan təqdirdə, mövcud gedişat səsvermə gününə kimi narazı təbəqənin Paşinyandan daha da uzaqlaşmasını şərtləndirə bilər”.
C.Əhmədlinin fikrincə, ümumiyyətlə, sosial-iqtisadi böhranın dərinləşməsi Qarabağ klanının əlin bir qədər gücləndirir: “Seçkilərin nəticələrinə gəldikdə isə böyük ehtimalla Paşinyanın “Mənim Addımım” bloku səslərin 30 faizindən çoxunu əldə edəcək. Bu, Paşinyanın növbəti 5 il ərzində hakimiyyət başında qalması üçün kifayətdir. Amma bəzi xarici qüvvələr tərəfindən dəstəklənən Koçaryan müxalif siyasi fiqur olaraq Paşinyanın başı üzərində “domokl qılıncı” olaraq qalacaq. Koçaryanın müxalifət lideri kimi erməni cəmiyyətinə sırınması da elə bu məqsədə xidmət edir”.