Home Manşet İlham Əliyev xalqın xilaskarı kimi adını tarixə yazdı

İlham Əliyev xalqın xilaskarı kimi adını tarixə yazdı

235
0
SHARE

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs verdi. Aprelin 11-də xalqımız cənab İlham Əliyevin siyasətinə – inkişafa, sabitliyə, “Yeni hədəflərə doğru” müddəalarına yenidən “HƏ” deməklə bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi.

Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına mandat verdi. Azad, şəffaf şəraitdə Azərbaycan seçicilərinin yüksək fəallığı ilə yenidən Prezident seçilən cənab İlham Əliyevin xalq qarşısında çıxışında səsləndirdiyi fikirlər, verdiyi vədlər hər biri tam şəkildə yerinə yetirilib və yetirilməkdədir. Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən on səkkiz il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti seçimini məhz ötən dövrün sosial-iqtisadi uğurlarına, nəticəsini göstərən səmərəli islahatların üzərində qurdu.

Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev inkişaf yoluna çıxardığı Azərbaycanın iftixar doğuran yüksəlişinin icmalını verdi və qarşıdakı 7 ildə respublikamızın hədəflərini diqqətə çatdırdı, inkişaf strategiyasının 11 istiqamət üzrə yol xəritəsini müəyyənləşdirdi. Proqram xarakterli həmin çıxışında İlham Əliyev Azərbaycanın daha da qüdrətli ölkəyə çevriləcəyini, siyasi-iqtisadi islahatların dərinləşdiriləcəyini bildirmişdi: “Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Ötən 3 il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu dövrdə Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən “Cənub qaz dəhlizinin” bütün seqmentlərinin inşasının başa çatdırılması, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi ilə yeni enerji və nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirildi.

Həmçinin dünyanı bürüyən qlobal böhran, pandemiya bəlası ilə mübarizə zamanı da İlham Əliyev mühüm təşəbbüslərlə çıxış etdi. İlk gündən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, problemi xüsusi diqqət mərkəzində saxlaması böyük çətinliklərin və itkilərin qarşısını aldı. Məhz dövlət başçısının müdrik siyasəti nəticəsində ölkəmizdə vaxtında pandemiyaya qarşı səmərəli mübarizənin əsası qoyuldu.

Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”. Prezident bu illər ərzində verdiyi sözə əməl etdi, O, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə Prezident, Ali Baş Komandan İlham Əliyev dövlətimiz və xalqımız üçün olduqca mühüm və tarixi vəzifəni şərəflə yerinə yetirdi. Ermənilərin və onların havadarlarının 1828–ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyuldu.

Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. Ən önəmlisi isə odur ki, Prezident İlham Əliyevin özünün də dediyi kimi, Azərbaycan tarixin heç bir mərhələsində indiki qədər güclü olmamışdır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı