Home Manşet Ölkə rəhbəri ölkə iqtisadiyyatının inkişafında maraqlıdır

Ölkə rəhbəri ölkə iqtisadiyyatının inkişafında maraqlıdır

592
0
SHARE

“Regionlarda kənd təsərrüfatı müasir üsullarla inkişaf edir. Bunu Hacıqabul rayonuna səfəri zamanı Cənab İlham Əliyev bir daha xatırlatmış və fərəhlə qeyd etmişdir ki, artıq regionlar müasir şəhəri xatırladır və son illərdə ərazilərdə əsaslı dəyişikliklər baş vermişdir. Əlbəttə ki, bu, dövrün, zamanın bir tələbidir və insanların baxışında istər sənaye, istərsə də kənd təsərrüfatına olan münasibətində baş verən dəyişikliklərdir.” Bu sözlər tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı bu gün həm sənayenin, həm də kənd təsərrüfatının müasir üsullarla idarə olunmasının təkmilləşdirilməsini tələb edir.
“Əlbəttə ki, Hacıqabulda yeni sənaye məhəlləsinin açılması bu rayonun inkişafı üçün çox vacibdir, əhəmiyyətlidir. Digər tərəfdən, sənaye məhəllələrinin açılması yerlərdə iqtisadiyyatın inkişafı, işsizliyin aradan qaldırılması, texnologiyanın təkmilləşdirilməsi, müəyyən emal müəssisələrinin birləşdirilməsi və işin səmərəliliyinin artırılmasına xidmət edir və bu gün insanların rifah halının yaxşılaşmasında çox böyük rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti fərəhlə qeyd etmişdir ki, biz sənaye məhəllələrinin, sənaye parklarının sayını artırmaqla və burada müasir texnologiyanı tətbiq etməklə, insanların əməyini yüngülləşdirir, digər tərəfdən rayonun iqtisadiyyatına əsaslı köməkliklər edirik. Sözsüz ki, respublikada ildən-ilə sənaye məhəllələrinin, sənaye parklarının açılması ölkə iqtisadiyyatı üçün vacibdir və iqtisadiyyatın inkişafına yeni təkan verir. Artıq beş rayonda sənaye məhəllələri açılmış və istifadəyə verilmişdir ki, burada bir çox sahələr əhatə olunmuşdur. Digər tərəfdən sənaye məhəllələrinin açılması həm sənayenin inkişafı, həm də aqrar sektorun inkişafı üçün vacib sayılır. Bu gün aqrar sektorun inkişafına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğı vətəndaşlar tərəfindən alqışlarla qarşılanır. Çünki keçən il ağır bir şəraitdə ölkədə aqrar sektorun inkişafı göstərdi ki, insanlar kənd təsərrüfatı məhsulları istehsalı etməkdə, öz maddi vəziyyətlərini yaxşılaşdırmaqda maraqlıdırlar.
Azərbaycanda aqrar sektorun inkişafı yüz minlərlə yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən kəndin, regionun mədəni səviyyəsinin yüksəldilməsi əhalinin yerlərə cəlb olunması, səmərəli işləməsi və onların pul vəsaitlərinin artırılması deməkdir. Cənab Prezident nəinki sənaye məhəlləsində işlərin gedişi ilə, orada hazırlanacaq məhsulların çeşidləri ilə tanış oldu, həm də aqrar sahə ilə, pambıq səpini, orada yeni texnika ilə yaxından tanış oldu və bildirdi ki, ölkədə aqrar sektora bundan sonra da lazımi qaydada diqqət göstəriləcək və bu sahənin inkişafı gələcəkdə daha da genişləndiriləcəkdir. Çünki keçən il çətin şəraitin olmasına baxmayaraq, Azərbaycanda 2 faizlik artım əldə olunmuşdur ki, bu da aqrar sektorda işlərin nümunəvi təşkil olunmasının bir nümunəsi idi. Heyvandarlıqda 3,1 faiz, bitgiçilikdə 0,8 faiz artımın əldə edilməsi göstərir ki, Azərbaycan kənlisi, sahibkarlar bu sahənin inkişaf etdirilməsi üçün lazımi qaydada qüvvə sərf etməyi bacarırlar.
Cənab Prezident xatırlatdı ki, biz nəinki sənaye məhəllərinin açılışında, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə belə müəssisələrin, belə məhəllələrin, belə parkların açılmasını təmin edəcəyik. Əlbəttə ki, işğaldan azad olunmuş ərazailər aqrar sektorun inkişafı üçün çox böyük potensiala malikdirlər. Sovetlər dövründə hələ bu torpaqlarda heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq, tütünçülük geniş şəkildə inkişaf etdirilmiş və demək olar ki, bu münbit torpaqlar Azərbaycan iqtisadiyyatının inkişafına xeyli dərəcədə əhəmiyyətli kömək etmişdir. Bu gün də həmin ərazilərin minalardan təmizlənməsi, həmin ərazilərdə infrastrukturun yaradılması, həmin yerlərdə həyatın canlanması üçün əsaslı tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində əminik ki, həmin torpaqlar tez bir zamanda minalardan təmizlənəcək və insanlar öz ata-baba torpaqlarına qayıdaraq həmin əraziləri cənnətə çevirəcəklər.

Hacıqabulda sənaye məhəlləsinin açılması göstərir ki, ölkə rəhbəri ölkə iqtisadiyyatının inkişafında maraqlıdır və sözsüz ki, iqtisadiyyatımızın inkişafı ölkənin həm hərbi qüdrətinin möhkəmləndirilməsi, həm insanların rifah halının yaxşılaşdırılması, həm də Azərbaycanın beynəlxalq aləmdə tanınması, bizim ixrac potensialımızın yüksəldilməsi üçün çox əhəmiyyətlidir. Bu ölkəni həm tanıdır, ölkəni həm inkişaf etdirir, həm ölkəni şöhrətləndirir, Azərbaycan xalqının yeni uğurlar qazanmasına zəmanət verir”, deyə Tahir Rzayev bildirib.