Home Manşet Regionların inkişafı iqtisadi siyasətdə prioritet istiqamətdir

Regionların inkişafı iqtisadi siyasətdə prioritet istiqamətdir

673
0
SHARE

2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanın hər bir rayonu, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Bütün rayonlar arasında sağlam rəqabət gedir.  Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sərəncamlar bölgələrimizdə yüksək nəticələrə yol açıb. Çünki məqsəd insanların rahat, yüksək rifah şəraitində yaşamasını təmin etməkdən ibarətdir.

Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Bu baxımdan regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır.

Aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hacıqabul rayonuna səfəri və bu səfər çərçivəsində Sənaye Məhəlləsində “Azərmaş” zavodunun, “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodunun, “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin, “Plasstech” zavodunun, “AzAgromila” müəssisəsinin açılışında iştirak etməsi, orada və aqroparklarda yaradılan şəraitlə yaxından tanış olması bu tərkibdəndir. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, yeni iş yerlərinin açılması yoxsulluğun aradan qaldırılması və məşğulluğun daha da artırılmasına öz müsbət təsirini göstərir. İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həllini təmin edir. Bu isə öz növbəsində sosial müdafiənin gücləndirilməsi deməkdir.

Hacıqabula səfəri zamanı Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun açılışını etdi. Yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasındakı nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımaların asanlaşmasına müsbət təsir edəcək. Ümumiyyətlə, Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən artıq illərdir ki, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Bu gün magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Cənab Prezidentin Hacıqabul rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesinə start verilməsi tədbirində iştirak etməsi Prezidentin kənd təsərrüfatının inkişafına və fermerlərə xüsusi diqqətlə yanaşmasının göstərici kimi qəbul edilməlidir. Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev bildirmişdir ki, altı il bundan əvvəl bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, yəni 10 dəfə çox olmuşdur. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Qarşıdakı müddətdə pambıqçılığın daha da inkişafı ilə ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı dönüş yaranacaq. Çünki Aran zonasında yaşayanlar pambığın necə qiymətli bir bitki olduğunu çox yaxşı bilir. Pambıqçılığın inkişaf etdirilməsi həmçinin işsizlik probleminin aradan qaldırılmasında da böyük rol oynayacaq. Göründüyü kimi, əkin sahələrini genişləndirmək və məhsuldarlığı artırmaq üçün bütün imkanlardan istifadə edilir.

Beləliklə, artıq uzun illərdir ki, regionların inkişafı ilə bağlı xüsusi dövlət proqramları həyata keçirilir və bu proqramlar çərçivəsində regionlarımız abadlaşır, yeni kommunikasiya yaranır, yeni yollar çəkilir, yeni infrastruktur formalaşdırılır, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial-mədəni obyektlər tikilir. Bütün bunlar regionlarımızın simasını dəyişir. Regionlarımızda yerli xüsusiyyətlər nəzərə alınmaqla böyük layihələr həyata keçirilir. Bu gün ölkəmizə valyuta gətirəcək bir sıra kənd təsərrüfatı sahələri var ki, onlar ixraca görə əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev bu sahələrin inkişafına xüsusi diqqət ayırır və hər dəfə regionlardan qayıtdıqdan sonra təsbit etdiyi sahələr üzrə maliyyələşdirmə aparır və regionların inkişafına yeni təkan verir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı