Azərbaycan Ermənistanın istənilən təhdidinə layiqli cavab verəcək.
Bunu Trend-ə Milli Məclisin deputat Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü qoruyacaq və hər hansı bir təhdid olarsa, dərhal qarşısı alınacaq: “Azərbaycan öz konstruktiv mğvqeyini bəyan edib və əməkdaşlığa açıqdır. Ermənistan revanşist xülyalardan uzaq olmalıdır, düşdüyü çox ağır böhrandan çıxması üçün mütləq əməkdaşlıq etməlidirlər”.
Deputat bildirib ki, erməni rəhbərliyi və onların xaricdəki havadarları Ermənistanda yaşayan ermənilərdən alət kimi istfadə edərək onları öz təsiri altında saxlayır, həmçinin dünya ictimaiyyətini çaşdırmağa çalışırlar:
“İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, həmçinin beynəlxalq media, diplomatik korpus nümayəndələrinin, dini konfessiya nümayəndələrinin səfərləri bir daha göstərir ki, ermənilər bu ərazilərdə hansı vəhşilikləri törədiblər, şəhərləri, qəsəbələri, kəndləri necə dağıdıblar. Hətta beynəlxalq media nümayəndələri Ağdamı “Qafqazın Hirosiması” adlandırıblar. Füzulidə bir dənə salamat bina tapılmamışdı ki, Azərbaycan bayrağı sancılsın”.
S.Hüseynova qeyd edib ki, bu vəhşilik həm torpağın üstündə, həm də altında törədilib:
“Ermənilər təbii sərvətlərimizi talayıblar, meşələrimizi yandırıblar. Erməni vəhşiliklərinin həddi-hüdudu yoxdur. Ermənilər 200 il ərzində azəbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar və təbii ki, Azərbaycan xalqı bu məsələləri unutmur və heç zaman unutmayacaq. Ermənilər daim bizim mülki əhalimizi hədəf seçiblər, bizim qadınlarımızı, azyaşlı uşaqlarmızı, körpələrimizi məhv ediblər, Xocalı soyqırımını törədiblər, atəşkəs dövründə Zəhra kimi balalarımızı qətlə yetiriblər. Lakin Azərbaycan daim tolerant ölkə olduğunu göstərib, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılıb. Bu, bir daha Azərbaycanla Ermənistanın nə qədər fərqli olduğunu gösərir”.