Home Manşet Sədaqət Vəliyeva: Dövlətin pandemiya ilə mübarizə üçün yaratdığı şəraitdən şəxsi maraqlar naminə...

Sədaqət Vəliyeva: Dövlətin pandemiya ilə mübarizə üçün yaratdığı şəraitdən şəxsi maraqlar naminə istifadə yolverilməzdir, cinayətdir

634
0
SHARE

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. Məhz, bunun nəticəsidir ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur. Bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan həm də dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub: “İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir. Bununla yanaşı, Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı ayırıb. Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib”.

“Lakin çox təəssüflər olsun ki, Azərbaycan dövlətinin COVİD-19 ilə mübarizədə həyata keçirdiyi tədbirləri bəziləri şəxsi maraqlarının təmin olunmasına istiqamətləndirirlər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bəziləri şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə belə salmaqdan çəkinmirlər: “Amma bu məsələdə də dövlət qətiyyətini göstərir və günahkarlar cəzalandırılır. Elə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Yeni klinika” Publik Hüquqi Şəxsin direktorunun və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməllərinin ifşa edilməsi bu baxımdan dəyərləndirilməlidir. Dövlət vətəndaşların sağlamlığının qorunması üçün yeni iqtisadi imkanlarından belə imtina etdiyi zamanda hansısa şəxslərin öz maraqları çərçivəsində hərəkət etməsi, ümumən dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə ləkə gətirməsi heç bir halda qəbul oluna bilməz. Pandemiyanın yaratdığı çətin vəziyyət, insanların sağlamlığı məsələsi kimlərsə üçün qazanc fürsətinə çevrilməməlidir. Axı, dövlət COVİD-19 ilə mübarizədə ön cərgələrdə olan tibb işçilərinin əmək haqqlarının müddətli artımı haqqında qərarlar verib”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, dövlət mənfi proseslərin qarşısını almaq üçün bütün effektiv addımları atır. Lakin bütün sahələrdə olduğu kimi pandemiya ilə mübarizə işində də ictimai nəzarət güclü olmalıdır. Pandemiyaya qalib gəlmək dövlətin prioriteti olduğu kimi insanların da ən böyük istəyidir. Ona görə də hər bir işdə olduğu kimi burada da xalq-dövlət birgə fəaliyyəti sərgilənməlidir.