Home Manşet Prezident İlham Əliyev üç erməni hərbçisini qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını nümayiş...

Prezident İlham Əliyev üç erməni hərbçisini qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını nümayiş etdirdi

291
0
SHARE

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən ölkə başçısı cənab Prezident İlham Əliyev üç erməni hərbçisini ölkəsinə qaytarmaqla bir daha ölkəmizdə təşəkkül tapmış humanizm ənənələrinə həssaslıqla yanaşdığını nümayiş etdirdi.  Nəzərə alsaq ki, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilib, bu baxımdan Azərbaycan bir çox mülki ermənini və hərbçini öz ölkəsinə geri qaytarıb.

Bunun əksinə olaraq erməni tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiyanı verməkdən boyun qaçırır. Xatırlatma üçün qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının 2019-cu il iyunun 11-də qəbul edilmiş 2474 saylı qətnaməsi silahlı münaqişələrin bütün tərəflərini onların beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə uyğun olaraq bu praktikaya son qoymağa dəvət edirdi. Həmçinin Təhlükəsizlik Şurası tərəfləri silahlı münaqişədə insanların itməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməyə, itkin düşənlər arasında uşaqların da olduğu hallara xüsusi diqqət yetirməyə, azadlıqdan məhrum edilmiş şəxslərin, o cümlədən hərbi əsirlərin fərdi məlumatlarını qeydiyyata almağa və bu məlumatları bildirməyə çağırırdı. Bunun müqabilində isə Ermənistan torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayaraq həmin minalı sahələrin xəritələrini Azərbaycana təhvil vermir. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır ki, bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Eyni zamanda bu, dünyadakı terrorçu və dekonstruktiv qüvvələr üçün pis bir örnəkdir.
Azərbaycan isə Ermənistandan fərqli olaraq bir daha humanistlik göstərərək Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan adlı erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə öz ölkəsinə geri qaytarıb. Odur ki, ermənilər Azərbaycanın növbəti bu humanist addımını heç vaxt unutmamalıdırlar.

44 günlük Vətən müharibəsi dövründə biz bütün dünyaya kimin kim olduğunu göstərdik. Vətən müharibəsində böyük qələbənin qazanılması ilə Azərbaycan tarixində həm də yeni inkişaf mərhələsinin təməli qoyuldu. 30 il düşmən tapdağı altında qalaraq dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilərimizdə bu gün quruculuq və bərpa işlərinə start verilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir. Lakin əfsuslar olsun ki, Ermənistan sülh, əməkdaşlıq mühitinə zərbə vurmaq istəyir. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın humanist addımları qarşılığında hələ də təcavüzkarlıq niyyətini nümayiş etdirir.

İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Buna görə də qarşı tərəf ilk növbədə minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməli, daha sonra I Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız haqqında məlumat ötürməlidir.

Bu gün ölkə başçısının siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti təsdiq edir ki, tezliklə işğaldan azad edilmiş torpaqlarda həyat yenidən qaynayacaq, bu ərazilər çiçəklənəcək, Qarabağ təkcə ölkəmizin deyil, regionun ən inkişaf etmiş mərkəzlərindən birinə çevriləcək.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı