Home Manşet Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır – Tamam Cəfərova

Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır – Tamam Cəfərova

281
0
SHARE

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbir Prezident İlham Əliyevin iştirakı və mərkəz üzvlərinin suallarına verdiyi cavablarla yadda qaldı. Belə ki, cənab Prezident İlham Əliyev suallara verdiyi geniş maştablı cavablarında regionun inkişafına xidmət edən əməkdaşlıq perspektivlərindən tutmuş, Ermənistandakı mövcud siyasi vəziyyət, Vətən müharibəsində ölkəmizin qazandığı qələbə nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması kimi bir çox önəmli məqamlara diqqət çəkib.

Bu barədə Екутв-э açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Regionun siyasi və iqtisadi aktuallığı durmadan artır deyən millət vəkili bildirib ki, Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Şübhəsiz ki, regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edəcəkdir. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.

T.Cəfərova qeyd edib ki, regional əməkdaşlığın qurulması üçün iqtisadi layihələr mühüm əhəmiyyət kəsb edir. Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa şərait yaradıb, sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. “Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.”

T. Cəfərova xüsusilə vurğulayıb ki, Vətən Müharibəsində əldə olunmuş qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla yanaşı, regionda və dünyada yeni əməkdaşlıq imkanları yaratdı. Şübhəsiz ki, yaranmış olan yeni reallıq beynəlxalq siyasi münasibətlər zəminində yeni əlaqələrin yaranmasını şərtləndirir. Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə addımlar atıb və bunu həm Ermənistana, həm də beynəlxalq təşkilatlara, xarici ölkələrə bildirib. Bu istiqamətdə Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Ancaq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir. Minaların təmizlənməsi də çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır”.

Deputatın sözlərinə görə, Ermənistan bölgədəki ölkələrlə sıx əməkdaşlıq etmək istəyirsə, artıq əməli və ciddi addımlar atmalıdır: “Bu gün Ermənistanın daxili siyasətinə, oradakı mövcud vəziyyətə nəzər yetirəndə görürük ki, Ermənistan tərəfinin hələ də revanşist qüvvələri qalmaqdadır. Onlar hələ də revanşist düşüncə, revanşist ritorika ilə çıxışlar edirlər. Həm hazırlanan əməkdaşlıq platformaları çərçivəsində, həm də 10 noyabrda imzalanan üçtərəfli bəyanatda yeni dəhlizlərin, digər əlaqələrin qurulması əks olunub və Ermənistan buna hazır olmalıdır. Ermənistan mahiyyətcə terror ölkəsindən sivil dövlətə çevrilmək, digər bölgə ölkələri kimi inkişaf etmək istəyirsə, soyuqqanlılıqla, sağlam düşüncə ilə qərar verməlidir. Onun bu istəkləri Azərbaycandan, Azərbaycanla sülh müqaviləsi imzalamasından keçir. Əməkdaşlıq etmək istəyirsə, o zaman Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu baxımdan Azərbaycan öz üzərində düşən işi görüb, lazım olan addımları atıb, indi isə növbə Ermənistandadır”.

Cənab Prezident tədbirdə bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan əməkdaşlığa hazırdır. “Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. Regionun xalqları birgə yaşamağı öyrənməlidir. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.”