Home Manşet Şuşada türk dünyasının qəlbi döyünürdü

Şuşada türk dünyasının qəlbi döyünürdü

295
0
SHARE

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı tarixə çevrilsə də, ancaq uzun illər xatirələrdə yaşayacaq, hər dəfə Şuşanın adı çəkiləndə, bu müqəddəs məkana səfər edəndə yada düşəcək, qürur doğuracaq. Çünki bu adi bir festival deyildi, 30 illik ağrılı-acılı günlərin, həsrətin sonu, milli birliyimizin təntənəsi idi.

Şuşada bütün Azərbaycan xalqının, Türk dünyasının qəlbi döyünürdü. Nəinki insanlar, sanki dağlar, qayalar, güllər, çiçəklər də sevinirdi. Çünki müqəddəs şəhər, ana torpaq murdar nəfəslərdən, mənfur niyyətlərdən, nifrətli, qəddar baxışlardan, məkrli ayaqlardan təmizlənmişdi.

Cıdır düzü qol açmışdı, Xarıbülbül insanların sinəsində dilə gəlmişdi! Pənah xanın, Vaqifin, Üzeyirin, Xanın, Bülbülün, Cabbarın, bu torpağın uğrunda canını qurban verən ölməz şəhidlərimizin ruhu şad idi. Ədalət, həqiqət cəsarətlə, istək, arzu əzmlə, hünərlə, inam dəmir yumruqla, məhəbbət, səadət zəfərlə, əməl qətiyyətlə qol-boyun idi. Bu, hər anı bir əsrə bərabər olan tarix idi və dünyaya Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin, qəhrəman, Müzəffər Ordumuzun, yenilməz, cəsur xalqımızın böyüklüyünü, əzəmətini, torpaq, vətən uğrunda birliyini, qürurunu nümayiş etdirirdi.

Səslənən fikirlər, qəlbləri riqqətə gətirən muğamlar, mahnılar, ifa olunan rəqslər, təbəssümlər sanki ilahiləşmişdi, zaman da, an da elə bil ki, müqəddəsləşmişdi.

Adama elə gəlirdi ki, Şuşa uzun illərin dəhşətlərini, həsrətini bir anda unutmuşdu. Yox, unuda bilməzdi. Yadelli  yağılara baş əyməyən, ən qəddar düşmənə göz dağı olan, alınmaz qalaya çevrilən bu şəhər ötən əsrin 90-cı illərinin əvvəllərində  xəyanətin qurbanına çevrildiyini və ermənilərə satıldığını heç vaxt yaddan çıxara bilməz. Başına gətirilənlərdən dərs aldığı, keçmişi unutmadığı, gələcəyə ümidlə baxdığı üçün Şuşa həmişə dözümlü olub.

“Xarıbülbül” festivalının keçirildiyi o günlərdə hər bir azərbaycanlının, bu torpağı, dövləti sevən hər bir insanın qəlbi Şuşa ilə bir döyünürdü.

Şuşa qollarını dünyaya, onu sevənlərə, sevincinə şərik çıxanlara geniş açmışdı. Azərbaycan həqiqətlərini dünyaya bəyan edirdi.

Şuşa Azərbaycana heç bir zaman yaşamadığı möhtəşəm, unudulmaz bir bayram yaşadırdı. Bu kəhkəşan, bu atəşfəşanlıq şəhidlərimizin qızıl qanından mayalanmışdı, göylərə ucalaraq od kimi düşmənin başına ələnirdi, gözlərini çıxarır, ürəyini partladırdı.

Şuşa Xarıbülbüllə qol-boyun idi.

Şuşa bütün Azərbaycan xalqı ilə, Dünya Azərbaycanlıları ilə, Türk Dünyası ilə, sülhsevər insanlar ilə qol-boyun idi.

Şuşa haqla, ədalətlə qucaqlaşmışdı. Dünyaya haqqın təntənəsini, ədalətsizliyin, vəhşiliyin çirkin üzünü, ölümə məhkumluğunu nümayiş etdirirdi. Bəşəriyyəti nasizmə, terrora, təcavüzə, qəddarlığa qarşı birgə mübarizəyə səsləyirdi.

Şuşa din, əqidə, məslək qardaşları ilə qoşa dayanmışdı. Talışı, ləzgini, rusu, avarı, tatı, yəhudini, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda inamla mübarizə aparan xalqların nümayəndələrini əziz övladı, oğlu-qızı kimi qoynuna almışdı. Onların nəfəsini duyur, istəklərindən qanadlanırdı, fərəhlənirdi.

Şuşa Yuxarı Gövhər ağa məscidindən oxunan duaların, qılınan namazların, ibadətlərin fövqündə Tanrıya yaxınlaşmışdı, bugünkü xoşbəxt anların, insanlarımızın sevinci, həqiqətin təntənəsi üçün ona əl açmışdı, qarşısında baş əyirdi, bəndələrinin dualarının qəbul olunmasını diləyirdi.

Şuşa xoşbəxt, Xarıbülbül azad idi.

Bu gözəl günləri görmək istəyən hər bir insan da xoşbəxt idi.

Ulu Öndər Heydər Əliyevin işğal altında olan torpaqlarımızın taleyi ilə bağlı bir vaxtlar söylədiyi fikirlər hamını kövrəltmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”.

Bu nidalarda böyük bir uzaqgörənlik, qətiyyət, inam vardı. Gələcək nəsillərə bir vətəndaş, rəhbər çağırışı kimi səslənən bu fikirlər həm də Ümummilli Liderimizin arzularının, ümidlərinin ifadəsi idi. O, yaxşı bilirdi ki, özü kimi inandığı, etibar etdiyi bir şəxs – İlham Əliyev gec-tez işğal altında olan torpaqları düşməndən azad edəcək, yağıları, qəddarları əyəcək, şəhidlərimizin qanını yerdə qoymayacaqdır.

Ümummilli Lider inanırdı ki, oğlu onun etimadını doğruldacaq, düşmən tapdağı altında olan şəhərləri, kəndləri, məscidləri, dini-tarixi abidələri sakinlərinə qovuşduracaq, öz əzmi, siyasəti, cəsarəti ilə Azərbaycan xalqının başını ucaldacaq, nəinki düşməni, dünyanı heyrətdə qoyacaq və yeni bir tarix yazacaqdır.

Heydər Əliyev Azərbaycan xalqının qüdrətinə, gücünə inanırdı. Bilirdi ki, xalqı ilə həmrəy olan İlham Əliyev mütləq və mütləq bütün çətinlikləri dəf edəcək, torpaqlar işğaldan azad olunacaq, Şuşa xoşbəxt günlərinə qayıdacaqdır.

Əziz Şuşamızda hərarətli, möhtəşəm bir səs dağı-daşı titrədirdi, insanların qəlbini riqqətə gətirməklə bərabər, həm də kövrəldirdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik. Bu, Böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözümüz aydın olsun, dünya azərbaycanlıları! Qarabağ Azərbaycandır! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kəlmələrinin sədası qəlbləri titrətməklə bərabər, düşməni, təcavüzkarlara dəstək verənləri bir daha sarsıtdı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan dünyaya bir daha öz çağırışını edərək bildirdi ki, “Biz sülh, əmin-amanlıq, quruculuq tərəfdarıyıq, ancaq hər bir təxribata qarşı dəmir yumruq yerindədir. Heç bir qüvvə bizə təsir edə və yolumuzdan döndərə bilməz”.

Bu sözləri dövlətimizin rəhbəri dəfələrlə səsləndirib və bəşəri ideyalara, insanlığa sədaqətini əməli ilə sübut edibdir. O, bununla həm də rəhbər, vətəndaş mövqeyini ortaya qoyur və öz borcunu, vəzifəsini, sözünü dəyərləndirmişdir.

“Biz işğal altında olan torpaqlarımızı mütləq düşmənlərdən azad edəcəyik” deyirdi. Nəticələr göz qabağındadır.

“Azərbaycan beynəlxalq aləmdə tanınacaq, nüfuz qazanacaq, söz sahibinə çevriləcəkdir” kəlmələrini dönə-dönə xatırladırdı.

Bu sahədə də uğurlu nəticələr var. Dost ölkələrin, sözümüzü deyənlərin, səsimizə səs verənlərin, uğurlarımıza sevinənlərin sayı xeyli artmışdır. 44 günlük müharibə dövründə biz bunun canlı şahidi olduq.

“Azərbaycanın regionları, şəhər və kəndlərimiz inkişaf edəcək, mədəniləşəcək, insanların sosial rifah halı yüksələcək, hər bir vətəndaşa qayğı və diqqət artırılacaq” vədinə əməl edən Prezidentimiz bu gün işğaldan azad olunan torpaqların, ərazilərin abadlaşdırılması, cənnətə çevrilməsi vəzifəsini öz üzərinə götürmüşdür və bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla və Arzu Əliyevaların Şuşaya səfəri zamanı biz bunun əyani şahidi olduq.

Cənab Prezident və ailəsi 110/35/10 kilovatlıq “Şuşa” yarımstansiyasının, Şuşada “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra açılışında iştirak etdilər, hotelin nəzdindəki 48 mənzilli korpusda və koteclərdə yaradılan şəraitlə tanış oldular. Şuşada yeni məscidin, 1 saylı ümumtəhsil məktəbinin təməlini qoydular və davam etdirilən bir sıra işlərlə yaxından maraqlandılar. Bütün bunlar deməyə əsas verir ki, həqiqətən də Şuşa cənnətə çevriləcək, nəinki respublikamızın mədəniyyət paytaxtı kimi, dünyanın ən gözəl şəhəri kimi tanınacaqdır.

“Bu gün ölkəmizin tarixində əlamətdar bir gündür” deyən Azərbaycan Prezidenti 30 illik vətən həsrətinin sevincini xalqımızla bölüşməklə şəhidlərimizi yad etdi: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq”. Dövlət başçısı “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr edildiyini xatırlatmaqla bir daha onlara sonsuz hörmət və ehtiramını ifadə etdi.

Əlbəttə, “Xarıbülbül” musiqi festivalı adi bir bayramın təntənəsi deyildi. Bu bayram 30 illik torpaq, yurd-yuva həsrətinin sonu, Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin, şanlı ordumuzun rəşadətinin, xalqımızın birliyinin, qəhrəmanlığının təntənəsi idi.

Bu bayram şəhidlərimizin, nisgilli ana-bacılarımızın, min bir əzablara tab gətirən atalarımızın, qəlbinə çalın-çarpaz dağ çəkilən əzizlərimizin, balalarımızın, bizi istəyənlərin və gələcəyə, qələbəyə ümid bağlayan milyonların inamının, duasının təntənəsi idi.

Bu bayram Dünya Azərbaycanlılarının, Türk Dünyasının illərlə sızıldayan yarasına, acısına-ağrısına bir məlhəm idi.

Bu bayram Allahın Azərbaycana, xalqımıza əta etdiyi məhəbbətin lütfü, insanlarımızın Tanrıya ehtiramının ifadəsi idi.

Bu bayram Şuşanın, Xarıbülbülün əbədi, ölməz bir həyat qazanmasının, bundan sonra daha xoşbəxt günlərə qovuşacaqlarının nümayişi idi.

Bu bayram Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə əbədi ömür bəxş edən, xalqımızın qəlbində daimi, əsrlərlə yaşamağa haqq qazandıran, nəslimizə-kökümüzə unudulmaz şöhrət gətirən bir bayram idi. Tanrım belə günləri Azərbaycan xalqına çox görməsin.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri