Home Manşet Azərbaycan – Türkiyə qardaşlığının özəyini təşkil edən böyük türk birliyi yeni mərhələyə...

Azərbaycan – Türkiyə qardaşlığının özəyini təşkil edən böyük türk birliyi yeni mərhələyə qədəm qoymaqdadır – Sevil Mikayılova

463
0
SHARE

Azərbaycanın bugünkü uğurları fonunda Trend öz imkanları, kadr potensialı, beynəlxalq media müstəvisində qazandığı nüfuzuna əsaslanaraq Türkiyənin Albayrak holdinqi ilə birlikdə işlək ortaq media platformasının reallaşmasına nail oldu. Bu layihə türkdilli ölkələrin media resurslarını özündə birləşdirəcək, geniş oxucu kütlələrini əhatə edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

Tədbir iştirakçılarını salamlayan S.Mikayılova bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığının özəyini təşkil edən böyük türk birliyi yeni mərhələyə qədəm qoymaqdadır. Xalqlarımızın və dövlətlərimizin arasında münasibətlər dinamik inkişaf edir, strateji tərəfdaşlığımız durmadan güclənir. Böyük coğrafi məkanda yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər öz ortaq tarixi, mədəni, dini dəyərlərinə əsaslanaraq, uğurla əməkdaşlıq edirlər:

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada örnək ola biləcək dostluq və qardaşlıq mühitində xalqlarımızın mənafeyi naminə irəliyə apardıqları dövlətlərarası münasibətlər bu gün sözün əsl mənasında özünün ən parlaq dövrünü yaşayır. İndi hər zaman olduğundan daha yenilməzik. Məhz bu gücün və yenilməzliyin işığında biz kənar təsirləri dəf etməyə qadirik. Birlikdə uğurla irəliyə gedirik.

44 günlük müharibə dövründə qardaş Türkiyənin Azərbaycanın yanında olması, Türkiyə dövlətindən aldığımız siyasi və mənəvi dəstək Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Bütün anlamlarda böyük, möhtəşəm və yenilməz Türkiyənin Azərbaycana göstərdiyi dəstək media sahəsində də əvəzsizdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, haqq səsimizin eşitdirilməsi üçün Türkiyə mediası sözün əsl mənasında fədakarlıq göstərdi, media cəbhəsində Azərbaycanla çiyin-çiyinə dayandı. Birlik, həmrəylik və ədalət uğrunda bərabər addımladığımız şərəfli yol dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab verməsinin vacib olduğunu anlatdı.

Ulu türk dövlətlərinin ortaq media platformasının yaradılması təşəbbüsü zamanında irəliyə sürülmüş ideya idi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış, Parlamentdə qəbul olunmuş memoranduma uyğun olaraq reallaşdırılan bu layihə xalqlarımızın öz nailiyyətlərini, uğurlarını, eləcə də problemlərini bölüşmək üçün ortaq platformada bir araya gəlməsi baxımından tarixi addım kimi dəyərləndirilə bilər. Bütün müstəvilərdə əməkdaşlığın möhkəmləndirilməsi dövlətlərimizi daha da gücləndirəcək, siyasi, iqtisadi, mədəni və ictimai həyatda bir-biri ilə yaxın, inteqrasiyalı media mühitində hərtərəfli kommunikasiyanı təmin edəcək. Media platforması ümumilikdə həm də türkdilli ölkələrin etimad göstərdikləri xəbər mənbəyinə çevriləcək. Ortaq informasiya mühitini yaratmaq üçün müstəvi olacaq”.

“Məramımız aydındır – həmrəylik, birlik və türk birliyinə xidmət etmək! Türkdilli ölkələrin birliyini özündə ehtiva edən bu layihəyə uğurlar arzulayırıq və tez bir zamanda media aləmində öz sözünü deyəcəyinə, böyük nüfüz qazanacağına əminik!” – deyə, deputat əlavə edib.