“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbir Azərbaycan dövlətinin qlobal və regional əməkdaşlıq baxımdan perspektiv baxışlarının bir daha bəyan olunması ilə yadda qaldı. Tədbirdə Prezident İlham Əliyev nəinki Cənubi Qafqaz regionu üzrə, həmçinin, ABŞ, Rusiya, İran, Çin, Avropa İttifaqı ilə Azərbaycanın hazırki əməkdaşlıq münasibətləri və perspektiv əlaqələri barədə fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranıb və perspektiv proseslər bu reallıq üzərində formalaşmaqdadır: “Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Yəni, Azərbaycan Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılmasının tərəfdarıdır. Lakin o da bəllidir ki, regionumuzun sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində Ermənistan da həvəsli olmalıdır. Çünki uzun illərdir xalqını şovinist, millətçi, faşist ideologiyası ilə qidalandıran Ermənistan rəhbərləri insanlarının Azərbaycanla bağlı düşüncələrini zəhərləyiblər. Bu gün heç kəsə sirr deyil ki, ermənilərin böyük əksəriyyətini hələ də revanşizmə yuvarlayanlar da var. Buna görə də, artıq erməni cəmiyyəti anlamalıdır ki, Ermənistanın acınacaqlı vəziyyəti rəsmi İrəvanın işğalçılıq siyasətinin nəticəsidir. Məhz, bu gün revanşizmi bərpa etməyə çalışanların sayəsində Ermənistan dalan dövlətə çevrildi. Azərbaycan işğalçılıq siyasətinə görə Ermənistanı cəzalandırdı, onu bütün transmilli layihələrdən uzaq tutdu, sosial-iqtisadi inkişafdan məhrum etdi. Nəticədə isə Ermənistan ağır məğlubiyyətə məruz qaldı, Azərbaycan işğal altında olan torpaqlarını azad etdi. Beləliklə də, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərində bərpa işləri aparır, lakin Ermənistan siyasi böhrandan çıxa bilmir. Bu, bəs edir ki, erməni cəmiyyəti doğru yolu seçsin, bundan sonra Ermənistanın dalan ölkə olaraq qalmasına imkan verməsinlər. Bu seçim də revanşizm iddalarından əl çəkməkdən, Azərbaycanla mehriban qonşuluq və sülh şəraitində yaşamaqdan ibarətdir”.
Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa, sülh sazişi imzalamağa hazırdır: “Bu mənada, növbə artıq Ermənistandadır. Ermənistan Azərbaycanın sülh və əməkdaşlıq təklifini yüksək dəyərləndirməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanımalı, şərtlərini qəbul etməli və əməkdaşlığa hazır olduğunu isbatlamalıdır”.