“Əlbəttə ki, 15 iyun tarixi Azərbaycan xalqı, dövləti üçün həqiqətən də unudulmaz, həm də deyərdim ki, müqəddəs bir tarixdir.” Bu sözləri -tan.aza verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, müqəddəslik o vaxt qazanılır ki, ali məqsəd həyata keçirilir, insanların azadlığı, xoşbəxtliyi, onların gələcək ümidi təmin olunur və bu baxmdan 15 iyun tarixini Azərbaycanın ən müqəddəs günlərindən biri hesab edir.
“Azərbaycan xalqı iki dəfə özünün ali məqsədinə, arzusuna nail olub. Bir 1918-ci ildə Xalq Cümhuriyyəti ilk müstəqilliyini əldə etdi, ancaq bu qorunub saxlana bilmədi, bir də 1991-ci ildə biz yenidən öz müstəqilliyimizi bərpa etdik və yeni bir dövrün başlanğıcına qədəm qoyduq. Ancaq biz, 1918-ci ildə qazanılan müstəqilliyimizi də əldə saxlaya bilmədik və 1991-ci ildə də bu müstəqilliyi əldə edəndən sonra çox ciddi çətinliklərlə, çox ciddi problemlərlə qarşılaşdıq və istər əsrin əvvəllərində, istər əsrin sonlarında, Azərbaycanın müstəqilliyi hər iki halda təhlükə qarşısında olub. O vaxtı müstəqilliyimiz əldən verildi və 1991-ci ildən sonra da müstəqilliyin əldən getməsinə münbit şərait yaranmışdı. Xarici müdaxilə, daxildə olan qüvvələrin qarşıdurması, xaos, özbaşınalıq ölkəni vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxarmışdı. Mən həmin hadislərin bilavasitə canlı şahidiyəm və onun ağrılarını çox görmüşəm. Bir qarabağlı kimi mən, Qarabağda gedən o proseslərin, o rayonlarda baş verən hadisələrin, o qətillərin, o təhqirlərin, o təqiblərin insanları cana yığdığının şahidiyəm.
Həqiqətən də müstəqillik əldən gedirdi. AXCP-Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Torpaqlar qarış-qarış, hektar-hektar, kənd-kənd, şəhər-şəhər ermənilər tərəfindən alınmaqda idi. Heç bir təşəbbüs, heç bir təşkilatçılıq görünmürdü və demək olar ki, insanlar ümidsiz bir halda yaşayırdılar. Gələcəyə inam itmişdi, ordu quruculuğu yox idi, ölkədə aclıq artıq başlamışdı, artıq qardaş-qardaşa silah qaldırırdı, artıq rayonlar bir-bir boşalırdı və bu vəziyyətdən istifadə edən istər xaricdəki qüvvələr, istərsə də daxildəki qüvvələr ölkəni talan edirdilər, talayırdılar. Belə bir vaxtda insanlar inandıqları, etibar etdiklləri, fəaliyyəti ilə yaxından tanış olduqları çox böyük bir şəxsiyyətə, Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu, səbəbsiz deyildi. Çünki Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının xoşbəxtliyi, Azərbaycanın inkişafı yolunda sərf edən bir insan idi və insanlar onun qabiliyyətinə, bacarığına, vətənpərvərliyinə, diqqət və qayğısına yaxından bələd idilər. 1969-cu ildə hakimiyyətə gələndən sonra Heydər Əliyev geridə qalan bir respublikanı az bir müddətdə Sovetlər İttifaqının ən qabaqcıl respublikaları sırasına çıxarmışdı, Azərbaycan xalqını ucaltmışdı, Azərbaycan xalqını şöhrətləndirmişdi, Azərbaycan xalqının iqtisadiyyatına böyük təkan vermişdi, iqtisadiyyat inkişaf eləmişdi. Aqrar bir respublika nəinki kənd təsərrüfatı, eləcə də sənaye sahəsində çox mühüm qələbələr qazanmışdı. İnsanlar da bütün bunları bilirdilər, insanlar bunu dərk edirdilər və ona görə də belə bir vaxtda onların Ulu Öndərə üz tutması, onu Bakıya dəvət etməsi, təbii və qanunauyğun hal idi.
O vaxt hər bir yerdə olduğu kimi Azərbaycanda Heydər Əliyevə çox böyük ümidlər var idi, onun Azərbaycanı bu xaosdan, bu bəladan qurtarması gözlənilən idi və Azərbaycan xalqı Heydər Əliyevi birmənalı olaraq hakimiyyətə dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı çox ağır bəlalardan, ölkə müstəqilliyinin əldən getməsindən, faciələrdən, torpaqların daha geniş miqyasda zəbt olunmasından xilas oldu. Ona görə də bu gün Azərbaycan xalqı keçmişə nəzər salarkən, həmin günlərin acılarını heç zaman unutmamalıdır və bu tarix olsa da, bu tarix bizim üçün müqəddəs, unudulmaz tarixdir və hər il iyun ayının 15-ni qurtuluş günü kimi qeyd etməyimiz bizdə bir qürur, inam, bir fəxarət doğurur. Çünki həqiqətən də həmin gün bizim qurtuluş tariximizdir və həmin günün bəhrələri bu gün özünü həyata keçirilən tədbirlərdə, ölkə Prezidentinin fəaliyyətində, onun uzaqgörən siyasətində açıq-aydın göstərir. Ona görə ki, 1993-cü ilin 15 iyun tarixi olmasaydı, biz bugünkü qələbələrdən, nailiyyətlərdən, yüksək göstəricilərdən, beynəlxaql aləmdə qazandığımız nailiyyətlərdən danışa bilməzdik. Məhz həmin günün təntənəsi bu qələbələr üçün zəmin hazırlayıb, bu qələbələr üçün bir bünövrə olub.
Sözsüz ki, həmin gündən başlanan uğurlar, həmin gündən sonra Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi bir çox qərarlar, bir çox sərəncamlar, fərmanlar, bağlanılan bir çox müqavilələr, həyata keçirilən bir çox layihə və proqramlar bugünkü inkişafımıza bir yol açıb, bu gün iqtisadiyyatın yüksəlişi üçün bir əsas olub və sözsüz ki, biz bunları uzun müddət, tarix boyu qeyd etməliyik. Bu gün Azərbaycan dünyanın ən inkişaf edən ölkələrindən biri sırasındadır. Bu gün Azərbaycan beynəlxalq aləmdə tanınan bir ölkədir. Bu gün Azərbaycan düşmən üzərində tarixi qələbə qazanan, zəfər əldə edən, qalib bir ölkədir. Əlbəttə ki, bu qalibiyyət, bu zəfər, bu nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır, onun təməlini qoyduğu, onun həyata keçirdiyi proqramların, o möhtəşəm layihələrin bir nəticəsidir. Bu siyasəti bu gün bizim hörmətli Prezidentimiz cənab İlham Əliyev uğurla həyata keçirir, vəsiyyətlərinə dönmədən əməl edir.
Cənab Prezident atasının, Ulu Öndərin ən müqəddəs arzusu olan, onun ən ağrılı yeri olan bir vəzifəni, bir arzunu, bir məqsədi həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Bu Ulu Öndərin ən böyük arzusu idi ki, biz Qarabağımızı azad edək, biz Şuşamıza gedək, biz işğal altında olan torpaqları düşməndən qurtaraq və cənab Prezident öz atasının vəsiyyətlərinə sədaqətlə əməl edərək, artıq bu vəzifəni yerinə yetirdi. Ona görə də bu il Qurtuluş Günü bizim üçün daha əzizdir, daha uğurludur, daha möhtəşəmdir. Çünki biz 30 ildən sonra ilk dəfə olaraq, dövlətimizi bütöv görürük və Qurtuluş Gününü zəfər qazanan bir ölkənin, qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Allah Ulu Öndər Heydər Əliyevin ruhunu şad eləsin. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var Ümummilli Lider Heydər Əliyev də bizimlə yaşayır, onun ideyaları qalib gəlir və Qurtuluş Günü özünün möhtəşəmliyini, özünün əbədiliyini yaşadır”, – deyə Tahir Rzayev bildirib.