İxrac, ölkənin iqtisadi potensialının bir hissəsi olmaqla, xalq təsərrüfatının müxtəlif sahələrinin tam şəkildə istifadə edilməsi nəticəsində xarici bazar istehlakçılarının tələblərinə uyğun xidmətdir.
İxrac potensialının formalaşması və inkişafını müəyyən edən əsas amillərdən biri də ölkədə təbii resursların mövcudluğu və onlardan istifadə səviyyəsidir.
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard dollar, qeyri-neft sektoru üzrə 697 milyon dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon dollar və ya 26,5 faiz artıb. 2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci olub.
Cebhe.info-nun bugünkü müsahibi Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayevdir:
– Tahir müəllim son illər ölkədə ixracın şaxələndirilməsi əsas hədəflərdən biridir. Ölkə başçısı da bildirib ki, biz kənd təsərrüfatında ixraca yenidən baxmalıyıq. Həm yeni bazarlar axtarmalıyıq, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə yeni bazarlara çıxmalıyıq. Bu gün ixrac potensialı ilə bağlı mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
– Son illər ölkədə ixracın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İxracla bağlı Azərbaycan hazırda 153 dövlətlə ticarət əlaqəsindədir. Bu əməkdaşlıq ildən-ilə artır və 89 ölkəyə məhsul ixrac edirik. Son vaxtalar ixrac məhsulları sırasında qeyri-neft sektoru məhsullarının ixracı getdikcə artır. Hazırda həmin məhsullar arasında xurma, tomat pastası kimi məhsulların ixracından xeyli qazanc əldə edilir. Pandemiya ilə bağlı əvvəlki illərlə müqayisədə ixracda müəyyən azalma müşahidə edisə də, artıq son dövrlərdə kənd təsərrüfatı məhsullarının ixracı artmaqdadır.
Ən çox valyuta gətirən məhsullardan, strateji məhsul olan pambıq lifi, fındıq, üzüm, üzümdəm hazırlanan alkoqollu, alkoqolsuz içkilərin son illər xarici ölkələrə ixracı artıb. Azərbaycan elə bir strateji mövqedə qərar tutub ki, iqlim şəraiti, təbiəti də bütün məhsulların istehsalını reallaşdırmağa imkan verır və həm də də ixracını asanlaşdırır. Çünki biz nəqliyyat sektorunu inkişaf etdiririk, bu nəqliyyat vasitələrinin istifadəsi nəticəsində bizim məhsulların xaricə ixracına daha çox şərait yaradılıb. Düşünürəm ki, ixracın artırılması Azərbaycan iqtisadiyyatına böyük töhfələr verir. Son illər Azərbaycanda üzümlüklərin, pambıq sahələrin artırılması, fındıq sahələrinin, tütün sahələrinin genişləndirilməsi müşahidə edilir.
Dünyada ən çox gəlir gətirən sahələrdən biri də tütündür. Düzdür, tütün insan sağlamlığı üçün zərərlidir, ancaq bir çox ölkələr tütün istehsalından külli miqdarda vəsait əldə edirlər. Bundan başqa, bizdə heyvandarlığın inkişafı gələcəkdə heyvandarlıq məhsullarının, ət, süd, yumurta istehsalını və ixracını daha da artıracaq. Bu gün ixracın artırılması üçün başlıca vəzifələrdən biri də keyfiyyətli məhsul istehsal etməkdir. Onun etiketi yaxşılaşdırılmalı, təbliği, reklamı genişləndirilməlidir ki, o məhsullar xarici bazara çıxarılsın və müştərilər tərəfindən qiymətləndirilsin, alınsın. Çünki bu reklam olmadan, məhsulun keyfiyyəti yüksəldilmədən biz xarici bazarı genişləndirə və ixrac potensialını artıra bilmərik.
– Yeni bazarlara çıxmaqda məhsul çeşidinin artırılması da önəmli amillərdən biri hesab edilir. Məsələn, Türkiyə 8 ayda 93 ölkəyə quru üzüm ixrac edib və bundan 332 milyon dolar gəlir əldə edib. Eləcə də təkcə Manisa bögəsində tənək yarpağının ixracından 1 milyon dollardan artıq gəlir götürüb. Ölkəmizdə də üzümçülük var, biz də sahədə ixrac çeşidini artıra bilərikmi?
– Təbii ki, çeşidin artırılması da mühüm əhəmiyyət kəsb edir. Nə qədər çox sayda məhsul ixrac etsək, o qədər ölkəmiz gəlir əldə edəcək. Bu gün pambıqçılğa, üzümçülyə maraq artıb. Məsələn, qeyd etdiyiniz kimi bölgələrdə evdar qadınlar tənək yarpağını bankalara bağlayırlar, konservləşdirilir, sonra da istifadə edilir. Ancaq bunun da texnoloji prosesləri olmalıdır. Onunla əlaqədar emal müəssisəsi yaradılmalıdır, deyilməlidir ki, siz o yarpaqları yığın gətirin təhvil verin. Sonra orada istehsal olunub xarici bazara çıxarılmalıdr.
Bu gün o müəssisə yoxdur. Bundan başqa yadımdadır ki, nənələrimiz yerə düşən meyvələri qurudurdular və qışda çox ləzzətli olurdu. Onu bu gün istahsal edib xarici bazara çıxarmaq olar. Mən Türkiyədə gördüm ki, əhali qurudulmuş məhsulları bazara çıxarıb çataraq pul qazanırlar. Eləcə də bizdə dərman məhsulları hazırlamaq üçün şox sayda bitkilər var. Əvvəllər yaşlı adamlar bitkiləri toplayır, qurudur, istifadə edirdilər. Bunlar təbiidir, insan orqanizmi üçün çox faydalıdır.
Təəssüf ki, indi bununla bağlı elə bir müəssisə yoxdur. İnsanlar primitiv qaydada toplayıb gətirirlər, müəyyən yerlərə verirlər. Bunun üçün böyük müəssisələr yaradıla bilər, orada istehsal artııla bilər. O qədər məhsullar zay olur.
Bizim rayonlarda çox sayda şirə zavodları olub, indi onların bir çoxu işləmir. Amma külli miqdarda şirələr istehsal edirdilər. Onların bir qismi bəzi şəxslər tərəfindən özəlləşdirilib, ancaq külli miqdarda vəsait qoymağa imkanı yoxdur. Onlar müəyyən qaydada istiqamətləndirilməlidir.
– Sovet dövründə üzümçülük geniş yayılmışdı və xeyli gəlir əldə edilirdi. Son illər ölkədə ənənəvi sahələrin bərpası ilə bağlı tapşırıqlar verilib. Hazırda bu sahənin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
– Qarabağ zonası tarixən üzümçülük, pambıqçılıq, heyvandarlıq rayonları olub. Nəinki Ağdamda, mənim təmsil olunduğum Ağcabədidə, ölkənin əksər rayonlarında, Şəmkirdə şərab zavodları var idi. Üzüm harada var idisə, orada da şərab zavodu vardı. Üzümü emal edirdilər, zavodlarda istehsal olunurdu və dünya bazarlarına çıxarılırdı. O vaxt “Ağdam” çaxırı Rusiyada ən böyük şöhrət qazanmış şərablardan biri idi. İndi artıq bizim şərablar Yaponiyaya ixrac olunur, orada standartlara uyğun şərablarımız mükafatlara layiq görülür.
Dünyanın ən qabaqcıl ölkələri olan İtaliya, Türkiyə, Çin, Hindistan, Rusiya kimi ölkələrə məhsul ixrac edirik. Əlbəttə ki, üzümlüklərin salınması çox vacibdir. Üzüm özü bir xammal kimi yox, onun istehsala verilməsi , şərab hazırlanması yüksək gəlir gətirir. Digər tərəfdən üzümün çıxarı var ki, heyvandarlıqda yem kimi istifadə edilir. Ona görə də indi Salyanda, Şamaxıda, Şəmkirdə yeni üzüm plantasiyalarının salınmasına çox böyük fikir verilir. Bu gün ən çox gəlir gətirən sahələrdən biri üzümçülük, pambıqçılıq, tütünçülk, baramaçılıqdır.
– Belə bir fikir səslənir ki, Qarabağda sovet dövründə mövcud olmuş müəssisələrin yenidən bərpası ilə onun önəmini qaytarmaq mümkün deyil. Bu fikirlə razılaşırsızmı?
– Həmin ərazidə vaxtilə fəaliyyət göstərən şərab zavodları dağıdılıb. Artıq orada həmin müəssislər yoxdur. Bundan başqa köhnə texnologiyalardır, o vaxtdan 30 il keçib. Bu gün yüksək keyfiyyətli məhsul istehsal etmək üçün yaxşı, müasir texnologiya lazımdır. Prezident Hacıqabulda Sənaye parkının açılışında bildirdi ki, nəinki bizim sənaye, eləcə də kənd təsərrüfatı müasir texnologiyalarla idarə olunmalıdır. Əgər biz şərab istehsal ediriksə lazım olan texnologiya tətbiq edilməlidir.
Məsələn, biz bir neçə müddət əvvəl Qəbələdə olduq, orada xarici ölkələrdən gəlib yeni üzüm sortları yetişdirirlər.
Oradakı şərab zavodunda xaricə ixrac olunan məhsullar hazırlayırlar və keyfiyyəti çox yüksəkdir. Məsələn, “Savalan” şərabı hazırlanır ki, bu gün ölkə bazarlarında tapılmır, ancaq xaricə göndərilir. Həmin müəssisədə yüksək texniologiyalardan istifadə edilir. Əgər əvvəllər bir zavodda 10-20 ton şərab istehsal olunurdusa, indi yeni texniologiyalar sayəsində 100 ton məhsul istehsal olunur. Yeni texnologiyalarla həm keyfiyyətli istehsal oluna bilər, həm də həcmi artar. Ona görə də mütləq yeni texnologiyalar gətirilməlidir. Köhnə zavodlar yoxdur, bərpa etmək də mümkün deyil və bərpa edilsə belə, indiki bazarın tələblərinə cavab verə bilməz, orada istehsal olunan məhsulu xarici bazara çıxartmaq olmaz.
– Bir vaxtlar məşhur olan “Ağdam” şərabının şöhrətini qaytarmaq mümkündürmü?
– Əlbəttə, qaytara bilərik. Bu gün Azərbaycanda hazırlanan şərablar dünyanın bir çox ölkələrində təqdim olunursa, yüksək istehlakçı marağı qazanıbsa bir çox regionlarda belə məhsul istehsal oluna bilər. Məsələn, bizim rayonda “Atena” süd məhsulları kombinatı fəaliyyət göstərir və onun məhsulları xaricə ixrac edilir.
Pendir, süd, yağ, ayran yüksək texnologiya ilə istehsal edilir. Biz hazırda “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin tətbiqinə başlayırıq. Bu həmin sahədə yaradılacaq istehsaldan, yaşayışdan, xidmətdən, ağıllı texnologiyadan, informatikadan xəbər verir. Bu beş kontingent orada birləşdirilir ki, həm yaxşı yaşayış olsun, həm yüksək istehsal olsun, keyfiyyətli sosial xidmət olsun, müəyyən ağıllı idarəetmə prinsipləri, alternativ enerji olsun və bu həmin kəndin mahiyyətiin xarakterizə edir. Eləcə də biz sabah xaricə məhsul ixrac etmək istəyiriksə hər bir kəndimizdə o müəssisələr yarana bilər.
Biz bir neçə il öncə Sloveniyaya getmişdik, orada üzümlüklər var idi, sahibkarın özünün emal sexin şərab istehsal edirdi. Avadanlığı var, müəyyən texnoloji prosesi bilir, sonra onu yoxlayırlar, müəyyən standartlara uyğundursa bazar çıxarırlar. Bizim yerlərdə də məsələn, Masallıda, Lənkəranda da əhali özü müxtəlif şirələr istehsal edirlər və standarta uyğundursa bazara verirlər. Bizim şirələrimiz xarici bazara çıxır. Bu həm sahibkara gəlir gətirir, həm də dövlətin nüfuzudur. Ölkə başçısı deyib ki, yeni Ağdam yaradırıqsa, burada sistemlər təkmilləşdirilməlidir. Yeni şəhər yeni üslübda, dünya stanadrtlarına uyğun yaradılmalıdır. Əgər yeni şəhər yaradılırsa, o istehsala uyğun olaraq müəyyn müəssislər, obyektlər yaradılmalıdır. Hazırda ixrac olunan keyfiyyətli məhsullarımız var və onun sayını artırmalıyıq. Əgər keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal ediriksə, xarici bazara çıxırsa bu, iqtisadiyyatımız üçün də çox vacibdir.