“Xalqları, insanları bir-biri ilə ali məqsədlər, oxşar adət-ənənələr, sevgi, qarşılıqlı hörmət və məhəbbət birləşdirib, qardaşlaşdırıb. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı da tarixi köklər, nəcib istəklər üzərində formalaşıb, çətin sınaqlardan çıxıb, bir millət iki dövlət olan xalqlarımızı möhkəm, qırılmaz tellərlə bir-birinə bağlayıb.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, ölkələrimiz arasında bu qardaşlıq və dostluğu heç bir qüvvənin sarsılda bilməyəcəyi bütün dünyaya məlumdur.
“Hər iki dövlət haqqın-ədalətin yolundadır. Qardaşlıq münasibətləri, iqtisadi əlaqələr, əməkdaşlığın istiqamətləri yalnız iki ölkənin inkişafına, təhlükəsizliyinə, xalqların xoşbəxtliyinə deyil, dünyada sülhün-əminamanlığın bərqərar edilməsinə, bəşəriyyətin azad, firavan yaşamasına yönəldilibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu birgə səylərə böyük önəm verir, “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”, söyləməklə xeyirxah, nəcib əməllərin davam etdiriləcəyinə, dövlətlərimizin suvernliyinə, müstəqilliyinə təhlükə törədən qüvvələrə qarşı birgə mübarizə aparılacağına əminliyini bildirir.
Bu, şübhəsizdir ki, 44 günlük müharibə hər iki dövlətin birliyini, sarsılmazlığını bir daha dünyaya nümayiş etdirdi. Göstərdi ki, haqq-ədalət uğrunda mübarizə aparanlar qalib, təcavüzkarlar, zalımlar isə məğlubdurlar və ölümə məhkumdurlar. Bu müharibə ədalətin, qardaşlığın təntənəsi olmaqla bərabər, həm də faşist Ermənistanın, nasizmə dəstək verən dövlətlərin də iç üzünü açdı, onların mənfur niyyətlərini ortaya qoydu, demokratiya pərdəsi altında dünyaya meydan oxuyanların məqsədlərini puç etdi. Sözsüz ki, bundan sonra da belə olacaq. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı daim zəfər çalacaqdır”, deyə Tahir Rzayev bildirib.