Home Manşet Azərbaycanın müstəqilliyinin dönməzliyi 15 iyundan başlanır

Azərbaycanın müstəqilliyinin dönməzliyi 15 iyundan başlanır

324
0
SHARE

Bu bir həqiqətdir ki, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyətli və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.

1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürmüş, tarix yazmış lider kimi Azərbaycanı zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin, dövlətçilik ənənələrinin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır. Bu tarixi reallığın mahiyyətini daha yaxşı anlamaq üçün həmin dövrün bir sıra xüsusiyyətlərinə və proseslərinə faktlar əsasında nəzər yetirmək kifayətdir.

15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.  Məlum olduğu kimi müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaşandı. Ölkənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider xalqın təkidli tələb və dəvətini qəbul etdi və iyunun 9-da Bakıya qayıtdı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu. İlk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyllərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini milli qurtuluş bayramı günü kimi rəsmiləşdirdi.

Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. 15 iyun 1993-cü ildən başlanan inkişaf dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il Azərbaycanın davamlı uğurları fonunda, bu il isə 30 illik torpaq həsrətinə son qoyulan qalib xalq kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Anar Məmmədov

Milli Məclisin deputatı