Home Manşet Tahir Rzayev: Qarabağın azadlığı həm də bolluq və ucuzluq gətirəcək

Tahir Rzayev: Qarabağın azadlığı həm də bolluq və ucuzluq gətirəcək

496
0
SHARE

Qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb.

Bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir. Layihədə bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur.

Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.

Bu gün bir sıra heyvandarlıq məhsulları xaricdən idxal edilir.

Tarixən heyvandarlığın inkişaf etdiyi ərazilərdən olan Qarabağda yenidən bu sektorun bərpasının ölkədə heyvandarlıq məhsulları ilə bağlı tələbatın ödənilməsində hansı rolu olacaq?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev tan.az-a bununla bağlı bildirdi ki, hazırda ölkədə heyvandarlığın inkişafı diqqət mərkəzindədir:

“Çünki heyvandarlığın inkişafı ilə əlaqədar əhalinin ət, süd məhsulları ilə təmin olunması çox vacibdir. Kəlbəcər, Laçın zonası tarixən bizim yay-otlaq sahələri olub. Eləcə də Aran rayonlarından heyvandarlıq təsərrüfatları mütəmadi olaraq sovet dövründə həmin ərazilərə köçürülüb. Bu ərazilərdə 100 minlərlə heyvan bəslənilib. Bu gün həmin ərazilər heyvandarlığın inkişafı üçün çox yaxşı potensiala malikdir. Çünki həm düzənliklərin relyefi, həm oradakı şərait deməyə əsas verir ki, əgər mal-qara bu sahələrə köçürülürsə, onların yüksək yemlə təmin olunması üçün yaxşı imkan yaradılır. Artıq minlərlə xırdabuynuzlu mal-qara, arıçılıq təsərrüfatları həmin ərazilərə köçürülüb. Hazırda ölkədə heyvandarlıq məhsullarına tələbat var. Xaricdən bir çox məhsulları idxal edirik, ancaq imkanımız var ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə çox böyük heyvandarlıq kompleksləri yaradılsın. İstər özəl, istərsə də dövlət tərəfindən belə təsərrüfatlar yaradıla bilər. Hazırda “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri üzərində iş gedir və bu, həmin ərazilərdə kənd təsərrüfatının, aqrar sektorun inkişafı üçün çox böyük imkanlar yaradacaq. Eləcə də aqrar sahənin əsas aparıcı sahəsi olan heyvandarlığın inkişafı üçün yaxşı imkanlar var”.

Millət vəkilinin sözlərinə görə, ötən il heyvandarlıq məhsullarının istehsalı artıb:

Pandemiya olmasına baxmayaraq, aqrar sektorda irəliləyişlər olub. Xüsusilə heyvandarlıqda 3,2 faiz artım əldə etmişik. Arıçılığın inkişafına da böyük diqqət göstərilir. Çünki bal insan orqanzmi üçün çox faydalıdır və son illər bir çox ailələrə güzəştli şərtlərlə arı ailələri verilib. Həmin əraziyə köçənlərin də əksəriyyəti bu sahədə fəaliyyət göstərən fermerlərdir. Bu, təqdirəlayiq bir haldır. Həmin ərazilər minalardan təmizlənib, heyvanların saxlanması, insanların hərəkəti üçün elə bir təhlükə yoxdur və müvafiq orqanlarla razılaşdırılaraq, belə bir tədbir həyata keçirilib. Bu yerlərin istifadəyə verilməsi, sahibkarların öz mal-qaralarını, arıçılıq təsərrüfatlarını saxlaması heyvandarlığın inkişafı üçün mühüm kömək olacaq. 2009-cu il illə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarında artım var. Son illər heyvandarlıqda sürətli artımın qarşısını alan səbəblərdən biri kimi həmin ərazilərin işğal altında olması idi. Azərbaycan sovet dövründə kənd təsərrüfatı, pambıq, üzüm, heyvandarlıq məhsulları istehsal edən qabaqcıl ölkələrdən biri olub. Bizim işğaldan azad edilən torpaqlarımız heyvandarlığın inkişafı üçün mühümdür. Bundan sonra həmin ərazilər bərpa olunduqca heyvandarlığın inkişafına təkan verəcək. Aran rayonlarında olan təsərrüfatların çoxu həm yay mövsümünü orada keçirəcək, həm də həmin rayonların özlərində güclü heyvandarlıq təsərrüfatları yaradılacaq”.