Azərbaycan-Türkiyə münasibətləri hər bir sahəni əhatə edən sıx əməkdaşlıqlar əsasında uğurla inkişaf etdirilir. Münasibətlərin yüksək səviyyədə olması ölkələrimizin davamlı inkişafına öz töhfəsini verir. Bu baxımdan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini amilini şərtləndirir. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu.
Ötən gün qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, rəsmi qəbulun təşkili, Prezident İlham Əliyevlə görüşü, birgə bəyanatın imzalanması və mətbuat konfransının keçirilməsi, eyni zamanda “Xan qızı” bulağının ziyarəti, Cıdır düzündə tədbirlərin təşkili bir daha Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi oldu. Qədim Azərbaycan şəhəri Şuşada Azərbaycan Prezidenti qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla tarixi görüş keçirdi. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
Şuşa Bəyannaməsi Qarabağ zəfərinin daha da möhkəmlənməsi, Türkiyə-Azərbaycan birliyinin əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair sənəddə xüsusən Zəngəzur dəhlizinin açılması və regiondakı kommunikasiyaların bərpası və inkişafı haqqında müddəaların olması Cənubi Qafqazda yeni geosiyasi reallığın açıq nümayişidir. Sənəddə həmçinin birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Beləliklə, Şuşa bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirilmiş oldu. Bu, sözün əsl mənasında tarixi bir hadisədir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı