Home Manşet “İki qardaş dövlət bir yerdədir” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“İki qardaş dövlət bir yerdədir” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

316
0
SHARE

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında çıxışı zamanı söylədiyi, “Bütün dünya bilsin ki, Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”, sözləri dövlətimizin, bir millət olan xalqlarımızın bir-birlərinə möhkəm bağlı olmalarının, qardaşlığın təzahürüdür. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bu qardaşlığın tarixi kökləri, ənənələri, əsasları olduğu üçün sarsılmazdır, möhkəmdir, uzunömürlüdür.

“Həqiqətən də Türkiyə ilə Azərbaycan daim bir yerdə olublar, çiyin-çiyinə dayanıblar, bir-birlərinə daim arxa kömək olublar. Tayyib Ərdoğan keçmişə nəzər salmaqla, Çanaqqalada azərbaycanlı gənclərin Anadolu gəncləri ilə döyüşdüyünü, Nuru Paşanın əsgərləri ilə 1918 – ci ildə Azərbaycanın köməyinə gəldiyi günləri xatırlatmaqla qan qardaşı olduğumuzu bir daha bildirdi. O, Azərbaycanın düşmən üzərində tarixi qələbə qazanmasından qürur duyduğunu dilə gətirərək bildirdi ki, 30 il sonra bu torpaqlar öz sahibinə qovuşdu.

“Bu zəfər və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm və Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb”, ifadələrini işlədərkən Türkiyə Prezidentinin gözlərində bir sevinc, səsində gələcəyə daha böyük inam duyulurdu. Bu təbiidir. Çünki bu gün Türkiyə dünyada sürətlə inkişaf edən bir dövlət olmaqla bərabər, həm də haqqın, ədalətin, sülhün, əminamanlığın bir qarantı kimi tanınır, qiymətləndirilir. Azərbaycan da bu yoldadır. Uzun illər torpaqları işğal altında qaldığına, düşmən üzərində parlaq qələbə qazanmasına baxmayaraq qonşuluq münasibətlərinin yaxşılaşmasına, düşmənçiliyin aradan qaldırılmasına, regionda təhlükəsizliyin təmin olunmasına çalışır. Türkiyə ilə Azərbaycanın yolu, məqsədi birdir. Bu birlik, amal, qardaşlıq, sözsüz ki, hər iki dövləti daha xoşbəxt gələcəyə aparacaqdır”, deyə Tahir Rzayev bildirib.