Home Manşet Azərbaycanın irəli sürdiyi şərtlərin qəbul edilməsi Ermənistanın qurtuluşu ola bilər

Azərbaycanın irəli sürdiyi şərtlərin qəbul edilməsi Ermənistanın qurtuluşu ola bilər

296
0
SHARE

44 günlük müharibə və siyasi-diplomatik gedişlər Ermənistanın siyasi-ideoloji əsaslarını da məhv etdi. Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. Azərbaycanın zəfərləri fonunda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə gedir. Vaxtilə Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, faşizmi Ermənistan dövlətinin ideologiyasına çevirmiş sarkisyanlar, köçəryanlar, bir qrup cinayətkar Qarabağdakı məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırır.

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. 21 partiya və 4 blokun iştirak etdiyi seçki prosesi bir sıra kobud qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət olundu. N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 53,92 faiz səs qazanmaqla qalib gəldi. Məlum olduğu kimi seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən N. Paşinyanla, Xocalı qətliamının iştirakçısı, günahsız soydaşlarımıza qarşı amansız terrorun təşkilatçılarından biri olan Robert Koçaryan hesab olunurdu. Lakin Sarkisyan-Koçaryan cütlüyünün bu gün yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Görəsən, bunlar hansı üzlə yenidən Ermənistanın sükanı arxasına keçmək istəyirlər? Diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdımı? R.Koçaryanın yürütdüyü siyasətin qurbanına çevrilən erməni xalqı onu yaxşı tanıyırdı. Qarabağı işğal etməklə Ermənistanı ağır məhrumiyyətlərə düçar edən Koçaryanın seçkidə qalib gəlməyəcəyi əvvəlcədən gözlənilirdi. Erməni xalqı terrora dövlət səviyyəsində dəstək verən, iyrənc siyasət yürüdərək ölkəsini xaosa sürükləyən şəxsə etimad göstərə bilməzdi. Ən əsası ona görə ki, məhz Koçaryanın dövründə Ermənistan acınacaqlı vəziyyətə düşmüşdü. Onun prezident olduğu illərdən Ermənistanda rüşvətxorluq, korrupsiya, qanunsuzluq halları və banditizm çiçəklənib. Bölgədə reallaşan bütün transmilli layihələrdən kənarda qalan ölkəni tərk edənlərin sayı hər il artıb .

Parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan cəmiyyətinə bildirib ki, dövlətlərini idarə edənlər onları bataqlığa sürükləməkdədir. Məhz bu gün baş verənlər bir daha Azərbaycan Prezidentinin uzaqgörənliyini sübut etdi. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur. Belə vəziyyət isə təbii ki, məğlub Ermənistanda siyasi xaosun daha da dərinləşəcəyindən xəbər verir.  Lakin istənilən halda  illərdir acınacaqlı durumda yaşayan sadə ermənilər yaxşı anlayırlar ki, bu durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə və dinc həyatını qura bilər. Yalnız belə olan halda Ermənistan hansısa layihələrə qoşula bilər və iqtisadiyyatında dirçəlmə yaranar. Yəni Azərbaycanın irəli sürdiyi şərtlərin qəbul edilməsi Ermənistanın qurtuluşu ola bilər.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı