Home Manşet Dövlətin hərbçilərə diqqəti yüksək səviyyədədir

Dövlətin hərbçilərə diqqəti yüksək səviyyədədir

672
0
SHARE

Prezident İlham Əliyev hər bir hərbçinin fəaliyyətini yüksək dəyərləndirir. Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, hərbi qulluqçulara diqqət və qayğı ölkə başçımızın siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz bu səbəbdən də “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” ölkə başçısının sərəncamı Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin hərbçilərə diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Bu fikirləri tan.az-a politoloq Şəbnəm Həsənova deyib.

Siyasi şərhçinin sözlərinə görə, dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib: “İndi də bu iş davam etdirilməkdədir. İyunun 24-də 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması, iyunun 25-də isə onların maaşlarına 20-60 faizi həcmində əlavələri nəzərdə tutan sərəncamın imzalanması bir daha dövlətimizin vətəndaş mərkəzli siyasətindən xəbər verir. Eyni zamanda bu, cəmiyyət tərəfindən də olduqca yüksək dəyərləndirilir. Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı zəruri tədbirlər həyata keçirilir”.

Ş.Həsənova qeyd edib ki, ölkə rəhbərliyi hərbi qulluqçularımızı daim diqqətdə saxlayır: “Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəxsən hərbi qulluqçularla, qazilərlə maraqlanır, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşırlar. Çünki ölkə başçımız dəfələrlə bildirib ki, biz torpaqlarımızı şəhidlərimizin qanı, qazilərimizin canı hesabına almışıq. Birinci Qarabağ müharibəsinin də təcrübəsi göstərir ki, bu məsələ dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Hərbi qulluqçularımıza, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, qazilərə göstərilən bu diqqət və qayğı xalqımızı daha da həmrəy edir və hər keçən gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx dayanmağımızın olduqca haqlı və əsaslı olduğunu sübut edir”.