Azərbaycanın zəfəri ilə başa çatan Vətən Müharibəsindən sonra müəyyən xarici siyasi dairələrin ölkəmizə qarşı qərəzli mövqeyinin davam etdirildiyi müşahidə olunmaqdadır. 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalmasına laqeyd bir sükut nümayiş etdirən bəzi təşkilatlar və qurumlar bu gün yaranmış yeni geosiyasi reallığın məntiqini düzgün qiymətləndirmək istəmirlər. Şübhəsiz ki, münaqişənin başa çatmasından narahat olanlar var. Bu narahatlığın bir səbəbi də Azərbaycanın sürətli inkişafı, hərbi və siyasi müstəvidə öz gücünü artırmasıdır. Azərbaycanın tarixi qələbəsinin məğzini təhrif etmək cəhdlərini müşahidə edirik. Fikrimcə, bu cür təşəbbüslər birliyimizin nə qədər əhəmiyyətli olduğunu bir daha görməyə imkan verir. Eyni zamanda, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi daha da genişləndirməli olduğumuzu göstərir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” internet resursunun fəaliyyətə başlamasının xüsusi əhəmiyyətə malik olduğunu vurğulamaq istərdim. Bu cür resursların mövcudluğu bir tərəfdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ötən il baş vermiş müharibəni doğuran səbəblərin izah edilməsi baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən Ermənistanın işğalçılıq siyasətinin bir xalqın tarixinə, zəngin mədəni irsinə, bir ölkənin təbiətinə, sərvətlərinə nə qədər böyük zərər vurduğunu göstərmək baxımından son dərəcə vacibdir. Çünki müasir dövrdə baş verən proseslərin təhlili göstərir ki, bizim yaşadığımız dünya arzuladığımız qədər ədalətli deyil. Əksinə ədalətin gücə istinad etdiyi bir reallıqla qarşı-qarşıyayıq. Bu mənada, bütün istiqamətlərdə gücümüzü artırmağa ehtiyac var. Güc anlayışı isə müasir dünyada yalnız iqtisadi inkişaf, hərbi potensial, geosiyasi reallıqlar, diplomatik çevikliklə məhdudlaşmır. Güclü dövlət olmağın ən vacib şərtlərindən biri intellektual mübarizə meydanında daha üstün mövqelərə sahib olmaqdır. Ona görə də “Karabakh.Center” internet resursunun yaradılması yalnız təbliğat baxımından deyil, həm də intellektual mübarizə meydanında üstün olmaq baxımından əhəmiyyətlidir. Çünki bu resurs işğalın nəticələrini dünyaya daha effektiv, müasir və düşünülmüş strateji yanaşma əsasında çatdırmaq imkanı yaradır.
Ramin Məmmədov
Milli Məclisin deputatı